Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
İnterpress.az-ın xəbərinə görə, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.