Rusiya ucuz taxılla dünya bazarını üstələyir. Avropa fermerləri həyəcan təbili çalır.
İnterpress.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Almaniya Fermerlər İttifaqının prezidenti Yoahim Rukvid Rusiyanın taxıldan bir iqtisadi silah kimi istifadə edərək Qərbə təzyiq göstərdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu addımla Almaniya, Avropa və ABŞ-yə qarşı strateji mübarizə aparır.
Rukvid qeyd edib ki, Rusiyada ardıcıl üç ildir yüksək taxıl məhsuldarlığı qeydə alınır və anbarlar doludur.
Məhz bu bolluq sayəsində Rusiya təcavüzkar qiymət siyasəti yürüdərək dünya bazarını buğda ilə doldura bilir.
Birləşmə rəhbərinin fikrincə, daxili bazarda buğda qiymətlərinin aşağı düşməsi onsuz da quraqlıq, yanacaq, gübrə və bitki mühafizə vasitələrinin bahalaşmasından əziyyət çəkən alman fermerlərini müflisləşmə həddinə çatdırır.
Ağır maliyyə çətinlikləri ilə üzləşən fermerlərin hüquqlarını müdafiə edən Rukvid Almaniya hökumətini təcili addımlar atmağa çağırıb.
O, dizel yanacağına tətbiq edilən vergilərin azaldılmasını və gübrə alışı üçün dövlət dəstəyinin artırılmasını təklif edib.
İttifaq rəhbəri ərzaq təhlükəsizliyinin ölkənin müdafiə qabiliyyəti qədər mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






