“Qanlı kaha: Başlıbeldə 113 gün” adlı tədbir keçirildi – FOTOLARbackend

“Qanlı kaha: Başlıbeldə 113 gün” adlı tədbir keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diaspor Könüllüləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qanlı kaha: Başlıbeldə  113 gün” layihəsiçərçivəsində tədbir təşkil edib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Diaspor Könüllüləri İctimai Birliyinin nümayəndəsi Leyla Kərimova layihə barədə iştirakçılara geniş məlumat verib. O, Başlıbel qətliamının tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyətlər və bundan sonra görülməli olan işlərdən danışıb. Təşkilatın nümayəndəsi bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir yumruğu nəticəsində, rəşadətli ordumuzun qəhrəmanlığı ilə Silahlı Qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilib: “Artıq başlıbellilər öz doğma kəndlərini, kütləvi məzarlıqda uyuyan şəhid doğmalarının qəbirlərini ziyarət edə bilir. Bundan sonra bizim vəzifələrimizdən biri bu qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.

Təşkilatın nümayəndəsinin çıxışından sonra Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilmiş kütləvi qətliamdan bəhs edən video-çarx nümayiş olunub.

Tədbirdə araşdırmaçı-jurnalist, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” və Ermənistanın müharibə cinayətlərinə dair çoxsaylı faktların toplandığı “Tanrı yoxuşu” kitablarının müəllifi Elxan Salahov məruzəsi ilə çıxış edib. O, qeyd edib ki,  1993-cü ilə Kəlbəcərin işğalı zamanı  rayonun ən böyük yaşayış məntəqəsi olan Dəlidağın ətəklərində yerləşən Başlıbel kəndinin 62 sakini, Laçından gəlib onlara qoşulan 9 əsgər və dörd nəfərdən ibarət bir ailə erməni quldur birləşmələrinin vəhşicəsinə yolları kəsməsi nəticəsində kəndi tərk edə bilməmiş, 113 gün kəndin ətrafındakı kahalara çəkilərək məhrumiyyətlərlə dolu həyat yaşamışlar. Sakinlər təxminən 5-6 kilometr aralıda dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq mühasirə həyatı yaşayıblar. Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, ətrafa sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Elə həmin axşam erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar.

“Kütləvi qətliamdan sonra sağ qalan 30 nəfər 113 gün çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra iyulun 17-də özlərinə sığınacaq seçdikləri kahaları tərk edərək Daşkəsən istiqamətində yola düşdülər. Çox böyük əzab-əziyyət bahasına gizli yollarla 7 gün yol gedəndən sonra Daşkəsənin Zivlən kəndinə yetişiblər. Onlardan 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub, 75 yaşlı Ələsgər Kazımov isə hətta ən son anda belə, doğma yurdunu tərk etməyib, o, hələ də itkin sayılır”, – deyə araşdırmaçı jurnalist bildirib.

Çıxışlardan sonra tədbir gənclərin sualları və müzakirələrlə davam edib. Sonda Ermənistanın müharibə cinayətlərindən bəh edən “Qanlı kaha” və “Tanrı yoxuşu” kitabları gənclərə hədiyyə edilib.

Xatırladaq ki, layihə çərçivəsində ilk tədbirMacarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində keçirilib. Azərbaycan Evində baş tutan tədbirdə yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə, Qazaxıstan və Tatarıstan diasporunun nümayəndələri iştirak ediblər.