Qarabağdakı etnik ermənilər üçün ən optimal yol vətəndaşlığımızı qəbul etmələridir – Şərhbackend

Qarabağdakı etnik ermənilər üçün ən optimal yol vətəndaşlığımızı qəbul etmələridir – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir.
Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericilik buna zəmin yaradır.

Məlum olduğu kimi, Azərbaycan Qarabağdakı etnik erməni sakinlərlə təmaslara artıq başlayıb. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov onlarla görüşüb. Bundan başqa, Qarabağdakı ermənilər reinteqrasiya prosesi üçün Azərbaycana dəvət olunublar. Amma onlar bu təklifi qəbul etməyiblər.

Rəsmi Bakı Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiya məsələsində israrlıdır. Çünki hazırda ermənilərin yaşadıqları ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Biz hansı yolla olursa olsun Xankəndi, Xocalı və Xocavəndə qayıdacağıq. Bu, Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biridir. Bu isə o deməkdir ki, oradakı ermənilər ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Qarabağdakı etnik ermənilər üçün bu iki yoldan başqa alternativ yoxdur. Həm onlar, həm də Ermənistan hərbi-siyasi hakimiyyəti bu reallığı anlamalıdır.

Şübhəsiz ki, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası Azərbaycan üçün strateji əhəmiyyətlidir. Beləliklə, biz regiondakı “çibanı birdəfəlik çıxara”, gərginliyə əbədi son qoya bilərik. Kimsəyə sirri deyil ki, Azərbaycan Qarabağ bölgəsində etnik ermənilərin qanunsuz mövcudluğu sülh və sabitlik üçün təhddidir. Azərbaycan buna göz yuma bilməz.

Əsas məsələ odur ki, ermənilərin Azərbaycana reinteqrasiyası üçün bizim hər cür imkanımız var. Kimsənin şübhəsi olmamalıdır ki, Azərbaycan hakimiyyəti ölkə daxilindəki digər azsaylı xalqların nümayəndələri kimi ermənilər üçün də lazımi şəraiti yaradacaq. Bunun üçün Qarabağdakı ermənilər sadəcə iradə göstərməli və konkret qərar verməlidirlər.

Vaxt o qədər də çox deyil. Biz ermənilərin qərar verməsini sonsuzadək gözləyə bilmərik. Onlar mövcud reallıqları dərk etməli və rifahlarına uyğun seçim etməlidirlər. Prosesin uzadılması ilə nəyəsə nail ola bilməzlər, əksinə öz işlərini çətinləşdirirlər. Azərbaycan onsuz da məqsədlərinə çatacaq.

Kənan Novruzov
İnterpress.az