Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2,2 milyon tona qədər artırılacaq.
Məlumata görə, martın 11-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KMG şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən mərhələli şəkildə nəqlinin həcmlərinin artırılması dair saziş və Qazaxıstan neftinin alqı-satqısına dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.
İkitərəfli sənədləri Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıblar. 46,7
Bu Saziş çərçivəsində tərəflər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə daşıma tariflərinin aşağı salınması, o cümlədən Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli məsələlərini müzakirə etməyi davam etdirəcəklər.
Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb.
2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.
Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu Qazaxıstan neftinin SOCAR-a daxil olan neft emalı zavodlarında sonrakı emal üçün satışı, habelə regional və qlobal bazarlarda sonrakı ticarətin ümumi şərtlərini və prinsiplərini müəyyən edir.
KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev qeyd edib ki, imzalanan sənədlər Qazaxıstan neftinin dünya bazarlarına nəqli baxımından şirkətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə əlavə töhfə verir.