Qəbələdə keçirilən “GabalaFest” möhtəşəm bağlanış konserti ilə yekunlaşıb.
İnterpress.az xəbər verir ki, qala-konsert festivalın ən yaddaqalan tədbirlərindən biri kimi tamaşaçılara unudulmaz musiqi axşamı bəxş edib.
Gecədə Azərbaycanın Xalq artisti Aygün Kazımova solo çıxışı ilə səhnəyə çıxaraq sevilən hitlərini ifa edib.
Konsert proqramında, həmçinin, britaniyalı müğənni Frederik Ferrier eksklüziv çıxışı ilə festival iştirakçılarının qarşısına çıxıb.
Gecənin əsas məqamlarından biri isə Aygün Kazımova və Frederik Ferrierin festivalın bağlanışı üçün xüsusi hazırlanmış birgə çıxışı olub.
Bağlanış konsertində müasir səhnə tərtibatı, işıq və vizual effektlər, canlı ifalar və xüsusi hazırlanmış musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan musiqisinin müasir interpretasiyaları ilə dünya musiqisinin çalarlarını bir araya gətirən proqram festivalın yüksək bədii səviyyəsini bir daha nümayiş etdirib.
Gecə boyunca minlərlə tamaşaçı sevilən ifaları böyük coşqu ilə izləyib, alqış sədaları altında səslənən mahnılar festivalın bayram ovqatını daha da gücləndirib. Musiqi, müasir səhnə həlli və möhtəşəm atmosferin vəhdəti “GabalaFest”in builki buraxılışını yaddaqalan mədəniyyət hadisəsinə çevirib.
Beləliklə, zəngin konsert proqramı, tanınmış ifaçıların çıxışları və yüksək təşkilatçılığı ilə seçilən “GabalaFest” möhtəşəm qala-konsertlə birlikdə yaddaşlarda unudulmaz izlər buraxıb.
Festival bir daha Azərbaycanın beynəlxalq mədəniyyət və musiqi məkanı kimi nüfuzunu nümayiş etdirərək yerli və xarici qonaqlara yüksək səviyyəli sənət bayramı təqdim edib.






