Qırğızıstan parlamenti Rusiya ilə birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiqləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Parlamentin saytında yer alan açıqlamaya görə, Parlamentin Baş Assambleyasında müzakirə edilən Qırğızıstan və Rusiya arasında birgə regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişi təsdiq edən qanun qəbul edilib.
Sözügedən qanun layihəsini Qırğızıstan hökumətinin təşəbbüsü ilə müdafiə nazirinin müavini Almazbek Karasartov parlamentə təqdim edib.
Qanun layihəsi ilə bağlı Karasartov deyib ki, Rusiya və Qırğızıstan bu razılaşma ilə vahid regional hava hücumundan müdafiə sistemi yaradacaq. Bu məqsədlər üçün Kant şəhərində Rusiya hava bazası yaxınlığında 5 hektar torpaq sahəsi ayrılacaq.
İki ölkə arasında müqavilə 2022-ci il avqustun 16-da Rusiyanın paytaxtı Moskvada imzalanıb.