Argentinada pitbul sahibəsinə hücum edərək başının dərisini qoparıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Argentinada ev heyvanının sahibinə qarşı qəfil və amansız hücumu ilə nəticələnən dəhşətli hadisə baş verib. Pitbul cinsindən olan ev iti qəfildən quduzlaşaraq öz sahibəsi olan qadına hücum çəkib.
Heyvan qadının baş nahiyəsini hədəf alaraq dişləri ilə onun başının dərisini və ət parçalarını qoparıb. Qorxunc hadisənin videogörüntüləri ərazidəki müşahidə kameraları tərəfindən qeydə alınıb.
Qadının fəryad səslərinə gələn həyat yoldaşı dərhal köməyə qaçıb. Lakin o, quduzlaşmış iti böyük çətinliklə və uzun müddət əlləşdikdən sonra həyat yoldaşının üzərindən ayıra bilib.
Bütün bu dəhşətli və qanlı hadisə ətrafdakı uşaqların və yeniyetmələrin gözü qarşısında baş verib və onlar güclü psixoloji sarsıntı keçiriblər.
Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib, onun üz və baş nahiyəsində bir neçə bərpaedici cərrahiyyə əməliyyatının aparılacağı bildirilir.
Quduzlaşan heyvan isə müvafiq qurumlar tərəfindən təcrid olunub.
Xuraman Etibarlı
İnterpress.az






