“Sevindirici haldır ki, ölkə başçısı dəyərli vaxtını bizə ayırır. Post müharibə dönəmində yaşayan ölkəyik. Qarabağda gedən siyasi proseslərlə bağlı onun sıx qrafiki olur. Bu sıx qrafikdə bizə də vaxt ayırdığı üçün ona ilk növbədə təşəkkür edirəm”.
İnterpress.az xəbər verir ki, bunu Oxu.Az-a Azərbaycanın yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov deyib.
Aprelin 8-də ölkə başçısı İlham Əliyev Avropa çempionu olmuş güləş millilərimizi qəbul edib, onları qazanılan uğur münasibətilə təbrik edib. Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda üçüncü dəfə Avropa çempionu olmuş Rafiq Hüseynov isə dövlət başçısının onlara növbəti diqqətindən danışıb:
“Biz elə bir dövlətdə yaşayırıq ki, idmançılara ölkə başçısı səviyyəsində dəyər verilir. Bu, gələcək yarışlar, gələcək uğurlar üçün böyük bir təkan, motivasiyadır. Mən Prezidentlə artıq 8-9 dəfə görüşmüşəm, dəqiq sayını belə itirmişəm. Ancaq ölkə başçısı ilə ilk görüşüm olmasa da, gənc güləşçilərin gözündə sevinc anlarını gördüm. Gənc olarkən mən də Prezidentlə ilk görüşümdə belə sevinmişdim”.
O, ölkə Prezidenti qarşısında çıxış etməməsi ilə bağlı sualımızı isə belə cavablandırıb:
“Milli komandada ən yaşlı idmançı mənəm və kapitan sayılıram. Mənə bu barədə bəlkə də 20-ci dəfə sual verilir ki, niyə sən yox, Eldəniz Əzizli Prezidentin qarşısında çıxış etdi. Bu sual mənə yox, federasiyaya aid sualdır. Mənim heç bir narazılığım yoxdur. Eldəniz də Azərbaycanın fəxridir, güclü idmançıdır. 2015-ci ildə I Avropa Oyunlarından sonra yunan-Roma güləşi üzrə millidən mən ölkə başçısının qarşısında çıxış etmişdim. Bu dəfə də çıxışı federasiya Eldənizə həvalə etmişdi”.