Rusiyanın dövlət hərbi sənaye şirkəti olan Rostec bildirib ki, işçilərinə ABŞ-ın texnologiya nəhəngi “Apple” tərəfindən hazırlanmış cihazlardan istifadə etmək qadağandır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Amerika istehsalçısının cihazlarının iş prosesində, şirkətin bütün müəssisələrində istifadəsinə tam qadağa qoyulur”, – Rostecin mətbuat xidmətindən Tass Xəbər Agentliyinə bildiriblər.
2007-ci ildə Putinin sərəncamı ilə yaradılan holdinq hazırda Rusiya üzrə müdafiə sektorunda 800-dən çox elmi-istehsal təşkilatını birləşdirir.
Mash teleqram kanalı daha əvvəl bildirmişdi ki, Apple cihazlarına qadağa yalnız Rostec holdinqlərindən biri olan və optoelektron sistemlər üzrə ixtisaslaşan Şvabeyə tətbiq edilib.
Bununla belə, məhdudiyyətlərin bütün şirkət üçün hərtərəfli tədbir olduğu ortaya çıxıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti ötən ay bildirmişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya vətəndaşları və ölkədə çalışan xarici diplomatların istifadə etdiyi minlərlə iPhone-da zərərli proqram quraşdırıb.
Apple-ın Amerika kəşfiyyat xidmətlərinə Ağ Evin maraq dairəsində olan şəxsləri araşdırmaq üçün geniş imkanlar təqdim etdiyi iddia edilib.