Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb.
Qeyd olunub ki, Rusiya bu istiqamətdə əhəmiyyətli səylər göstərir: “Rusiya Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar körpünün üzərində, uzunluğu 9 km olan geniş müdafiə zonası qurub. Bu, onu deməyə əsas verir ki, Ukrayna qüvvələri Krıma hücum etmək iqtidarındadır”.
Bildirilib ki, Rusiya üçün əsas prioritet yarımadaya nəzarətdir.
Məlum olduğu kimi, Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski daha əvvəl bir neçə dəfə deyib ki, müharibə torpaqların, o cümlədən Krımın işğaldan azad olunması ilə başa çatmalıdır.
Son zamanlar Krımda hərəkətlənmə güclənib. Yarımadanın səmasında müntəzəm olaraq kəşfiyyat uçuşları aparılır. Bu, o deməyə əsas verir ki, davam edən əks-hücum əməliyyatlarının əsas istiqamətlərindən biri də məhz Krımla bağlıdır. Krımın Ukrayna üçün strateji əhəmiyyətini əvvəllər də demişdik. Birincisi, Krımda hərəkətlənmənin güclənməsi Rusiya Silahlı Qüvvələrinin diqqətini Ukraynanın döyüş gedən torpaqlarından yayındıracaq. Bu, əks-hücum əməliyyatlarının daha effektiv olmasına şərait yaradacaq. İkincisi, Ukrayna bu yolla Krımla bağlı gələcək hədəflərinə daha çox yaxınlaşa biləcək. Üçüncüsü, Rusiya daxilində xaos güclənəcək. Bu mənada düşünmək olar ki, Ukraynanın Krımla bağlı addımları artacaq. Görünür, bunu artıq Rusiyada da hiss edirlər.
Yarımadanın yaxın zamanda işğaldan azad ediləcəyi inandırıcı görünmür. Bu, kifayət qədər çətindir. Amma Krımdakı fəallıq Rusiyanı panikaya salmaq, çaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir.
ABŞ-ın F-16 qırıcılarının tədarkündən sonra Krımda fəallığın, o cümlədən hava hücumlarının sayının artması gözləniləndir. Rusiya indidən bu ssenariyə hazırlaşmağa başlayıb. Əgər Krıma hücumlar intensivləşərsə, bu, gələcəkdə Rusiya qoşunlarının Ukraynanın digər torpaqlarından çıxması ilə nəticələnə bilər.
Kənan Novruzov
İnterpress.az