Ermənistanda saxlanılan rusiyalı riyaziyyatçı Mixail Verbitski sərbəst buraxılaraq İsrailə uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Ermənistan hüquq-mühafizə orqanları tərəfindən İrəvanın “Zvartnots” hava limanında saxlanılan rusiyalı riyaziyyatçı və bloqer Mixail Verbitski azadlığa buraxılıb.
O, artıq ölkəni tərk edərək İsrailin Təl-Əviv şəhərinə yola düşüb. Bu barədə onun vəkili Vaçe Simonyan məlumat verib.
Məlumata görə, riyaziyyatçı iyunun 12-də İrəvana gələrkən Rusiya tərəfinin dövlətlərarası axtarış sorğusu əsasında saxlanılmışdı.
Vəkil Vaçe Simonyan bildirib ki, Rusiya tərəfi qanunla müəyyən edilmiş müddət ərzində Ermənistan prokurorluğuna rəsmi ekstradisiya sorğusu göndərmədiyi üçün Verbitski sərbəst buraxılıb.
Onun ölkədən çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra o, İsrailə uçmağa nail olub.
Rusiya Federasiyasında Mixail Verbitski “Rosfinmonitoring” tərəfindən ekstremistlər və terrorçular siyahısına daxil edilib. Ona qarşı Rusiya ordusunu “diskreditasiya etmə” və “Crocus City Hall” ticarət mərkəzində baş vermiş terror aktının araşdırılma metodlarını şübhə altına alaraq “terrorizmə bəraət qazandırma” ittihamları ilə cinayət işləri açılıb və o, axtarışa verilib.
Xatırladaq ki, Mixail Verbitski 2015-ci ildən bəri Rusiyadan kənarda yaşayır. O, hazırda Braziliyada yerləşən tətbiqi riyaziyyat institutunda professor vəzifəsində çalışır.
Xuraman Etibarlı
İnterpress.az






