Rusiya-Ukrayna gərginliyinin əsl səbəbi – ŞƏRHbackend

Rusiya-Ukrayna gərginliyinin əsl səbəbi – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər ABŞ və NATO müttəfiqləri Ukrayna üzərindən Rusiyaya qarşı çox ciddi təzyiq və təsir mexanizmi kimi istifadə etməyə çalışırlar. Xüsusilə də Rusiyanı bir sıra vasitələrlə təhrik edərək onu Ukraynada münaqişəyə cəlb etməyə çalışırlar. Kənardan baxanda ilkin təəssürat yaranır ki, bir sıra qərbi Avropa qüvvələri, xüsusilə də Amerika tərəfindən Rusiya Ukrayna ilə müharibəyə təhrik edilir”.

İnterpress.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, bir neçə ay bundan öncə NATO Yunanıstan ərazisinə tarixində ən böyük qüvvələr yerləşdirərkən bunun qətiyyən Rusiyaya qarşı olmadığını bildirsə də, aşkar şəkildə məlum idi ki, həmin qüvvələr Şərqi Avropa dövlətlərində yerləşdirilməklə qısa müddət ərzində Ukrayna ərazisinə çatdırılma məqsədi daşıyırdı: “Bu davranışlar eyni zamanda Cenevrədə keçirilən Rusiya-Amerika və NATO-Rusiya müzakirələrində Kremlin irəli sürdüyü tələblərin heç biri ilə razılaşılmaması Rusiyanı qıcıqlandırmaqla Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa məcburetmə məqsədi daşıyırdı. Son aylar NATO-Rusiya cəbhəsində baş verən hadisələrin başlıca məqsədlərdən biri, hesab edirəm ki, NATO daxilində mərkəzdənqaçma meyillərinin qarşısını almaq, Almaniya və Frasanın timsalında NATO-nun zəifləməsi istiqamətində atılan addımları neytrallaşdırmaq, həmçinin qoca qitənin NATO-ya, xüsusilə də Amerikaya Rusiya təhdiləri qarşısında daha böyük ehtiyaclar duyduğunu nümayiş etdirməkdir. Digər məqsəd Rusiyanı Ukrayna, Moldova və ya Qazaxıstan, alınarsa Cənubi Qafqazda müharibəyə çəkməklə Rusiyaya növbəti zərbə vurmaq və onu qlobal gücdən regional gücə çevirməyə nail olmaqdır. Fikrimcə, mühüm səbəblərdən biri də həm keçmiş sovet, həm Şərqi Avropa respublikalarının Rusiya aqresiyası, Rusiya işğalı təhlükəsi ilə üz-üzə qaldıqları görüntüsü yaratmaqla həmin dövlətləri xilas edə biləcək qüvvə yalnız ABŞ və onun müttəfiqləridir təəsüratını formalaşdırmaqdır.

Keçmiş sovet respublikları ətrafında baş verən prosesləri təhlil edərkən aydın şəkildə görünür ki, həm Moldovada, həm Ukraynada, həm Cənubi Qafqazda, Qazaxıstanda, eyni zamanda Orta Asiya respublikalarında baş verən bir çox hadisələrin arxasında xüsusilə Qərbi Avropa dövlətləri və Amerikanın gizli maraqları dayanır. Rusiyanın həmin ərazilərə aqresiyasını qabartmaqla həmin xalqların ABŞ-a olan ehtiyacını nümayiş etdirməyə çalışılır”.

A.Əliyev hesab edir ki, 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi proseslər zamanı yeritdiyi ağıllı siyasət, xüsusilə Rusiya ilə heç bir halda qarşı-qarşıya gəlmək istəməməsi və təhriklərə baxmayaraq bu istiqamətdə addımların atılmaması Azərbaycanı 2008-ci il Gürcüstanın və 2014-cü Ukraynanın taleyini yaşamamasına gətirib çıxardı:

“Fikrimcə, ağıllı siyasət uzaq “qonşunun” təhrikedici davranışlarına, şirnikləndirici vədlərinə deyil, yaxın qonşunun aqresiyasını və gücünü nəzərə alaraq yeritməkdən keçir”.