Rusiyanın aktivlərin idarə edilməsi şirkəti “Pyervaya” dünyanın ən böyük xarici mərkəzi kastodianı olan Euroclear Bank-a qarşı Rusiyada 184,8 milyard rubl (2 milyard) dəyərində təzminat iddiası qaldırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Moskva Arbitraj Məhkəməsinin sənədlərində yer alan məlumata görə, sanksiyalar nəticəsində dondurulmuş aktivləri ilə bağlı “Pyervaya” şirkəti Euroclear Bank-a qarşı iddia qaldırıb.
Pyervayanın Euroclear Bank-dan 184,8 milyard rubl tələb etdiyi iddiada, təzminat məbləğinin necə müəyyən edildiyinin təfərrüatları yer almayıb.
1996-cı ildən Rusiyada Sber Asset Management, sonra isə Pyervaya adı ilə fəaliyyət göstərən şirkətin idarə etdiyi aktivlərin dəyəri 2022-ci ilin sentyabrına 1,44 trilyon rubl təşkil edib.
Euroclear Bank Qərb ölkələrinin sanksiyalarına görə Rusiya dövlətinin və şirkətlərinin aktivlərini dondurub.