Sankt-Peterburqda azyaşlılara işgəncə verən qanunsuz mədrəsə rəhbərləri, o cümlədən Azərbaycan vətəndaşı həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi qeyri-qanuni fəaliyyət göstərən pansionatda azyaşlı uşaqlara qarşı sistemli şəkildə işgəncə verməkdə təqsirli bilinən üç əcnəbi vətəndaş barəsində hökm oxuyub.
Təqsirləndirilənlər – Türkiyə vətəndaşı Şaban Dinçer, Tacikistan vətəndaşı Şarofiddin Rəhmanov və Azərbaycan vətəndaşı Fəzli Ağayev müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarı ilə Dinçerə 6,5 il, Rəhmanov və Ağayevin hər birinə isə 6 il ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmək hökmü verilib.
İstintaq materiallarına görə, Rusiyaya iş vizası ilə gələn bu şəxslər Sankt-Peterburqun Voznesenski prospektində kirayələdikləri mənzildə “müsəlman dini seminarı” adı altında gizli pansionat təşkil ediblər.
Onlar təhsil almaq üçün onlara etibar edilmiş dörd miqrant uşağını 2022-ci ilin dekabrından 2023-cü ilin martına qədər olan dövrdə sistemli olaraq döyüb və müxtəlif işgəncələrə məruz qoyublar.
Ümumilikdə azyaşlı uşaqlara 246 zərbə endirildiyi, həmçinin onlara qarşı psixoloji təzyiq göstərildiyi, qulaqlarının burulduğu və kəmərlə döyüldüyü sübuta yetirilib.
Bundan əvvəl hər üç əcnəbi qanunsuz missionerlik fəaliyyətinə görə 30 min rubl (təxminən 700 manat) məbləğində inzibati cərimə olunaraq Rusiyadan deportasiya edilmə qərarı ilə üzləşmişdilər.
Lakin sonradan uşaqlara qarşı törədilən işgəncələrin və qeyri-qanuni dini məktəbin yaradılmasının təfərrüatları üzə çıxdıqdan sonra onlara qarşı cinayət işi başladılıb.
Bu hadisə Rusiya cəmiyyətində böyük rezonans doğurub və ölkənin iri şəhərlərində qeyri-leqal dini dərnəklərə və mədrəsələrə nəzarətin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib.
Xuraman Etibarlı
İnterpress.az






