Gürcüstana uçuşlar bu il ruslar arasında Birləşmiş Ərəb Əmirlikləri və İsrailə uçuşlardan daha populyardır. Bununla belə, birbaşa uçuşlara baxmayaraq, sərnişinlərin 40%-i tez-tez Gürcüstana transfer yolu ilə uçur.
İnterpress.az xəbər verir ki, bu barədə Aviasales aviabilet bron xidməti məlumat yayıb.
Xidmətin qiymətləndirilməsinə görə, bu il Gürcüstan, Tunis və Mərakeşə birbaşa aviareyslərin bərpasından sonra bu reyslərə tələbat xeyli artıb. Bununla belə, Aviasales-in məlumatına görə, Gürcüstan əvvəllər də ruslar üçün məşhur ölkə olub və birbaşa uçuşlara qadağa götürüldükdən sonra ölkə ilk beşlikdəki mövqeyini möhkəmləndirib və beşinci yerdən dördüncü yerə yüksəlib.
Aviasales-in məlumatına əsasən, bu yay Gürcüstana birbaşa aviabiletlərin orta qiyməti 26,8 min rubl yəni 297 dollar təşkil edir.
Rusiyanın nəqliyyat naziri Vitali Saveliyevin sözlərinə görə, mayın 19-dan birbaşa reyslərin açılmasından sonra Rusiya ilə Gürcüstan arasında həftəlik 33 reys yerinə yetirilib. Hazırda Rusiyanın 17 aviaşirkəti Gürcüstan da daxil olmaqla 24 ölkəyə birbaşa uçuşlar həyata keçirir.
“Vnukovo” hava limanının və “Azimut” aviaşirkətinin həmsahibi Vitali Vantsev bildirib ki, Tbilisidə “Georgian Airways” şirkəti ilə birgə “Rusiya sərnişinləri üçün yeni tranzit qovşağı yaradılacaq, onun vasitəsilə Avropaya uçmaq mümkün olacaq”. Onun sözlərinə görə, hazırda ruslar üçün birbaşa uçuşların bağlandığı Paris, Nitsa və Romaya uçuşlar həyata keçiriləcək. Nəticədə, “İstanbul, İrəvan və Bakıdan sonra ruslar Tbilisidə dördüncü tranzit qovşağı əldə edəcəklər”.