Səudiyyə Ərəbistanı 54 il ərzində 99 milyondan çox ziyarətçiyə ev sahibliyi etdiyini açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı Ümumi Statistika İnstitutunun 1968-ci ildən etibarən müqəddəs torpaqlara həcc ziyarətinə gələnlərin statistik məlumatlarını toplamağa başladığına diqqət çəkilib.
2022-ci ilə qədər 54 il müddətində müqəddəs torpaqlarda 99 milyondan çox ziyarətçinin qəbul edildiyi bildirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri bu il zəvvarların sayı ilə bağlı dəqiq bir rəqəm açıqlamasalar da, epidemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün 2023-cü ilə hazırlıq görüldüyünü açıqladılar.
Səudiyyə Ərəbistanı Statistika İnstitutunun məlumatına görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvarlara namizədlərin sayı 2,4 milyon olaraq açıqlanıb.
Ölkənin 2030-cu il baxışı çərçivəsində Məscidül-Həramın genişləndirilməsi və COVID-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.






