Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də baş tutan andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Putin bəzi şəxsləri hökumətdə saxlasa da, Sergey Şoyqunu müdafiə naziri postundan azad edib.
Müharibənin qızğın vaxtında müdafiə nazirinin istefaya göndərilməsi və onun Nikolay Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi seçilməsi hansı zəruriyyətdən yaranıb? Ölkənin müdafiə sistemini yarıtmaz vəziyyətə gətirən Sergey Şoyqu təhlükəsizlik sahəsində Putinin etimadını doğruladacamı?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
“Putinin inaqurasiyadan sonra kadr islahatları edəcəyi aydın idi. Sergey Şoyqunun nazirliyi müddətində Rusiya Ukraynada istədiyini əldə edə bilmədi.
Mənə görə Şoyqunun qələminin qırılması düzgün addımdır. Yerinə gələcək şəxslə Putin cəbhədə daha da irəli gedəcək. Putin nə etdiyini çox yaxşı bilir”, – politoloq bildirib.
Putin Şoyqunun yerinə heç zaman hərbi xidmətdə olmayan mülki məmur Andrey Belousovu gətirib. Elman Vəliyev müdafiə naziri postuna Belousovun təyin edilməsinə də münasibət bildirib.
“Bu təyinat diqqət çəksə də, əsas məsələ gələn şəxsin Putinə sadiq olmasıdır. Zatən bu sahəni də Putin idarə edir. Əsas odur ki, gələn adam verilən əmri düzgün icra etsin”, – konfliktoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az