ABŞ-də Stalinin imzaladığı “tamamilə məxfi” sənəd hərracda 23 min manatdan çox qiymətə satılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
ABŞ-də keçirilən hərracda üzərində SSRİ rəhbəri İosif Stalinin şəxsi imzası və “tamamilə məxfi” qeydi olan tarixi sənəd satılıb.
Tarixi əhəmiyyətə malik bu sənəd auksionda 13,8 min dollara (təxminən 23 460 manat) alıcı tapıb. 1944-cü ilin sentyabrına aid olan sənəd azad edilmiş Şərqi Avropanın müdafiəsi mövzusundadır.
Sənəddə Tallin, Riqa və Varşava şəhərlərinin müdafiəsi üçün istifadə edilməsi nəzərdə tutulan silah-sursat və hərbi texnika barədə məxfi məlumatlar yer alır.
Hərrac evinin nümayəndələri sənədin İkinci Dünya Müharibəsinin son mərhələsində sovet hərbi planlaşdırılmasını və Şərqi Avropadakı strateji addımları anlamaq üçün olduqca nadir və mühüm bir mənbə olduğunu qeyd ediblər.
Sənəd uzun illər boyu şəxsi kolleksiyada saxlanılıb və ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunaraq satışa çıxarılıb.
Alıcının şəxsiyyəti və hansı ölkədən olduğu barədə isə rəsmi məlumat açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az






