Sumqayıtda nə baş verir? – Baş Prokurorluq, DİN, FHN və TƏBİB dəhşətli yanğınla bağlı məlumat yaydıbackend

Sumqayıtda nə baş verir? – Baş Prokurorluq, DİN, FHN və TƏBİB dəhşətli yanğınla bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcəkdir.

***

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur.

Bu barədə TƏBİB-dən bildirilib.

Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.

***

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Əlavə məlumat veriləcək.