Şuşa ilə dünyaya verilən mesajbackend

Şuşa ilə dünyaya verilən mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın siyasi arenasında böyük nüfuza sahib, dövlətinin maraqlarını böyük əzm və qətiyyətlə müdafiə edən, eyni zamanda qlobal problemlərin həlli istiqamətində mühüm təşəbbüslərlə çıxış edən lider kimi tanınır.

Prezident İlham Əliyevin rəhbərliyində qazanılmış bu uğurlar isə uzun illər ərzində yaradılmış parlaq daxili-xarici siyasi xəttin böyük məharətlə icrasına əsaslanır.

Dövlət başçısı hər il olduğu kimi 2021-ci ildə də müxtəlif müstəvilərdə ölkəmizin maraqlarını layiqincə təmsil edib, bütün aspektlər üzrə gərgin iş qrafikinə sahib olub.

Vətən savaşı ilə 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa edən Azərbaycan dövlətinin lideri döyüş meydanında qazanılmış parlaq zəfəri siyasi arenada da davam etdirib.

Moskva görüşü

Cari ilin yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan lideri İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.

İlham Əliyev rəhbərliyi ilə Moskvada Azərbaycan növbəti şərtlərini Ermənistan tərəfinə diktə edib və xüsusən 10 noyabr tarixli üçtərəfli bəyanatın nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı müddəalarının icrası baxımından olduqca mühüm məqamlar üzrə razılıqlar əldə olunub. Bu görüşdə əldə edilmiş razılaşmalar sonrakı proseslərdə Bakının əlini qüvvətləndirməklə bərabər eyni zamanda regionun inkişafı mexanizmlərinin Bakı tərəfindən təsvir olunan mənzərəsinə tamamilə uyğun olub.

Daxili siyasətdə prioritet

Azərbaycan dövlətinin daxili siyasət sahəsində əsas prioriteti də postmünaqişə dövrünün reallıqlarına əsaslanıb. Belə ki, 2021-ci ildə Azərbaycan dövlətinin qarşısında dayanan prioritetlərdən başlıcası işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası işləri olub. Bu məqsədlə Azərbaycan dövləti bu il 1,3 milyard dollar vəsait ayırıb.

Azərbaycanla bağlı bütün məsələlərdə olduğu kimi dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpası prosesini də şəxsən nəzarətində saxlayır. Dövlət başçısının öndərliyində aparılan yenidənqurma və bərpa prosesi həmçinin Azərbaycanın beynəlxalq müstəvidə maraqlarına inteqrasiya olunur. Çünki Azərbaycan dövlətinin gördüyü işlərin miqyası həm də Ermənistanın təcavüzkar siyasətinin nəticələri ilə düz mütənasiblik təşkil edir. Başqa sözlə, dağıntıların miqyası nə qədər böyükdürsə, Azərbaycan dövlətinin quruculuq və yenidənqurma təşəbbüsləri də bir o qədər böyük miqyasda həyata keçirilir. Bununla Azərbaycan bütün dünyaya iki dövlətin regiondakı mövcudluğunun və rəhbər tutduqları siyasətin nəticələrini əyani şəkildə göstərmiş olur. Ermənistan təcavüzkar və talançı kimi ifşa olunduğu halda, Azərbaycan regionumuzda dinc həyatın, sülh şəraitində inkişafın və tərəqqinin bayraqdarına çevrilir.

Azərbaycan dövləti Prezident İlham Əliyevin başçılığı altında həmçinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də çoxşaxəli iş aparılır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, erməni vandalizminin nümayişi, beynəlxalq təşkilatların nümayəndələri və diplomatların reallıqları öz gözləri ilə görməsi üçün regiona çoxsaylı ziyarətlərinin təşkili və s. bütün bunlar beynəlxalq ictimaiyyətdə Qarabağla bağlı konstruktiv yanaşmanın formalaşması prosesinə təkan verib.

Şuşa ilə dünyaya verilən mesaj

İşğaldan azad edilmiş ərazilərin bütün nöqtələrini özündə ehtiva edən yenidənqurma və bərpa işlərindən bəhs edərkən ilk növbədə Şuşa şəhəri ilə bağlı məqamları qeyd etmək lazımdır. İlham Əliyevin Azərbaycan mədəniyyətinin paytaxtı statusu verdiyi şəhərə də dövlətimiz tərəfindən məhz mədəniyyətimizə verilən sonsuz dəyər qədər ehtiram göstərilir.

Elə bu prosesin özündə də İlham Əliyevin siyasi xəttinin əsas çalarlarını sezmək mümkündür. Yuxarıda göstərilən nümunədə olduğu kimi Azərbaycan dövləti Şuşanı bərpa edir, ilk növbədə şəhərin milli və tarixi kimliyinin özünə qaytarılması üçün işlərə start verilib. Bu isə yenidən bütün dünya üçün mesaj xarakteri daşıyan bir yanaşmadan xəbər verir. Erməni işğalında öz şanlı tarixinə yaraşmayan bir yanaşmaya məruz qalan Şuşa Azərbaycanın tərkibində yenidən Qafqazın incisinə çevrilir.

Üstəlik Azərbaycan lideri tərəfindən bu misilsiz diqqət və qayğı təkcə işğaldan azad edilmiş ərazilərə şamil olunmayıb. Mütəmadi olaraq Azərbaycanın bütün regionlarına səfərlər edən İlham Əliyev xalqın bütün problemlərini diqqətdə saxlayır, sözügedən problemlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Azərbaycan-Türkiyə

İlham Əliyevin öndərliyində Azərbaycan dövlətinin xarici siyasətində qardaş Türkiyə ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan 2021-ci ili dövlətlərarası münasibətlərin inkişafı baxımından xüsusi qeyd etmək gərəklidir. Belə ki, il ərzində Azərbaycan və Türkiyə liderləri çoxsaylı görüşlər keçiriblər. Bu görüşlərdə bütün dünyaya əyani şəkildə Türkiyə-Azərbaycan əməkdaşlığın regionumuz üçün önəmi göstərilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı istənilən mühüm təşəbbüs və nailiyyətdə Türkiyə Azərbaycanın yanında yer alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Prezident İlham Əliyev tərəfindən Qarabağda qarşılanan ilk dünya lideri kimi tarixə düşüb. İki lider həmçinin Şuşa şəhərində dövlətlərimizin tarixində böyük önəmə sahib olan bir sənədi imzalayıblar.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzalandığı bəyannamə ilə dövlətlərarası münasibətlərimiz özünün ən yüksək səviyyəsində təsdiq olunub. Həmin tarixdən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan ediblər. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri isə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub.

Azərbaycan və Türkiyə liderləri həmçinin regionumuzun gələcəyi üçün də səylərini əsirgəməyib. Belə ki, 3+3 platforması məhz regionda dinc inkişafa yönəlmiş təşəbbüs kimi məhz dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Qeyd etmək lazımdır ki, hazırda liderlərin bu təşəbbüsünün işlək mexanizmə çevrilməsi üçün də bir sıra addımların atılmasına başlanılıb.

Zəngəzur dəhlizi – Türk dünyası birləşir

Azərbaycan liderinin siyasi məharəti və səyləri eyni zamanda həm regionumuz, həm də bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin yaradılmasını mümkün edib. Hələ 2021-ci ilin martın 31-də Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı açılımlarda əsas əngəl yaradan “kor düyün”ün – Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində Azərbaycanın təşəbbüslərindən söz açıb.

“Biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanıb” – deyən İlham Əliyev Zəngəzur faktorunun türk dünyasının birləşdiricisi rolunu oynayacağını da əlavə edib.

Azərbaycan lideri öz siyasi manevr və həmlələri ilə eyni zamanda Türk dünyasını yenidən birləşdirən Zəngəzur dəhlizinin əsasını qoyub. Bu dəhlizin yaradılması isə sadəcə təkcə iqtisadi deyil, eyni zamanda böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bununla Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərin arasında coğrafi bağlılığın bərpa edilməsinə nail olub, eyni zamanda Türk dünyasının birlik, bərabərlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfə verən Lider kimi ön plana çıxıb.

Azərbaycan liderinin Türk dünyası qarşısında xidmətləri təkcə bundan ibarət deyil. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə Türk Şurasına 2019-2021-ci illərdə uğurla sədrlik edib. Prezident İlham Əliyevin öndərliyində Azərbaycan təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirib.

Azərbaycanın rəhbərliyi dövründə qurumun digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Azərbaycan Prezidentinin bu xidmətləri təşkilat tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Ali Orden dövlət başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Postmünaqişə dövrü üçün təşəbbüslər

Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionumuzda postmünaqişə dövründə inkişaf və əməkdaşlıq yolları da beynəlxalq səviyyədə müzakirə olunub. Bununla bağlı ADA Universitetində 10-13 aprel tarixində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilib. Həmçinin mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.

Azərbaycan qlobal güc mərkəzlərinin diqqətində

İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda yaranan yeni geosiyasi konfiqurasiya qlobal güc mərkəzlərinin diqqətini çəkib. Qərb və Rusiyanın rəqibi, alternativ qlobal güc Çin də prosesdən kənarda qalmaq istəməyib. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

Liderlər müzakirələr zamanı Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın uğurla davam etdirilməsini bildiriblər. Çin liderinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu xatırlatması isə postmünaqişə dövrü prosesləri fonunda özündə əhəmiyyətli mesajları ehtiva edib.

Qoşulmama Hərəkatında qazanılan uğur

“Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”.

Dövlət başçısı İlham Əliyevin bu sözlərindən çıxış edərək Azərbaycan dövləti üçün Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərinin olduqca mühüm əhəmiyyətə sahib olduğunu deyə bilərik.

Təşkilata sədrliyi dövründə Azərbaycan dövləti dünyanı bürüyən koronavirus pandemiyasının səbəb olduğu yeni reallıqlar və yaranan çətinliklərlə mübarizə üçün müvafiq yolların tapılması baxımından mühüm təşəbbüslərlə çıxış edib.

Ümumən 2019-cu ilin oktyabrından Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdikdən sonra təşkilatın fəaliyyətində canlanma müşahidə edilir desək, yanılmarıq. Təşkilat eyni zamanda Azərbaycanın qlobal miqyasda bir çox problemlərin həll yollarının tapılması üçün çağırışlarının tribunasına da çevrilib.

Avropa-Azərbaycan arasında səmimi atmosfer

2021-ci il həmçinin Azərbaycanın Avropa İttifaqı münasibətlərindəki müsbət əhval-ruhiyyə baxımından yaddaqalan oldu. Belə ki, 17-18 iyul tarixlərində Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda yüksək səviyyədə qarşılandı.

Prezident İlham Əliyev Şarl Mişellə müzakirələri birgə işçi nahar süfrəsi arxasında apardı, bunu müzakirələrin səmimi atmosferdə keçməsi və tərəflərin öz maraqlarını səmimi şəkildə ifadə etməsi kimi xarakterizə etmək olar. Sözügedən səmimi atmosferin nəticələri isə ilin sonunda Brüsseldə keçirilən görüşlər zamanı daha aydın şəkildə ortaya çıxdı.

Rusiya və Avropa Azərbaycanın mövqeyini qəbul edir

İlin sonuna doğru aktivləşən Ermənistanla danışıqlar prosesində İlham Əliyev öz siyasi məharətini növbəti dəfə ortaya qoydu. Belə ki, əvvəlcə noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası, regionda vəziyyətin sabitləşməsi və təhlükəsizliyin təmin edilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi məsələlər müzakirə edildi. Daha əvvəl bir çox platformalarda münaqişənin başa çatdığını və Qarabağda heç bir statusdan söhbət belə gedə bilməyəcəyini vurğulayan dövlət başçısı Soçidəki görüş zamanı “münaqişə” və “status” kimi ifadələrə yer verilməməsinə nail oldu. Bu isə öz növbəsində yeni reallıqların və Bakının mövqeyinin qəbul edildiyini təsdiqləyən fakta çevrildi. Soçidə həmçinin Zəngəzur dəhlizi ilə bağlı da Moskvanın Azərbaycanla ortaq maraqları bölüşdüyü bəlli oldu. Belə ki, mətbuat konfransında çıxışı zamanı Rusiya lideri V.Putin dəhliz ifadəsini dəfələrlə işlətməklə bir növ dəhliz layihəsinin dəstəkləndiyini göstərdi.

Azərbaycan liderinin Ermənistan baş naziri ilə növbəti görüşünə isə Avropa ev sahibliyi etdi. Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçirildi. Sözügedən görüş artıq Azərbaycanın mövqeyinə Avropada da ciddi dəstək olduğunu ortaya qoydu. Azərbaycan Prezidenti bir daha Avropadan bütün dünyaya elan etdi ki, milli məsələdə, Azərbaycanın təhlükəsizliyi mövzusunda heç bir güzəştdən söhbət gedə bilməz.

Bundan başqa Prezident İlham Əliyevin NATO Baş katibi Yens Stoltenberqlə görüşü də alyansla Bakı arasındakı münasibətlərin yüksələn xətlə inkişafını ortaya qoydu. Brüsseldə həmçinin Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə də görüş baş tutdu. Bu dəfə də İlham Əliyev öz xalqının maraqlarının yorulmadan müdafiə edən lider kimi ön planda dayandı. Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan liderinin verdiyi açıqlamalar isə Zəngəzur dəhlizinin işə düşməsi prosesini bir qədər də yaxınlaşdırdı deyə bilərik.

Ümumən İlham Əliyevin liderliyində Azərbaycan dövləti 2021-ci ildə böyük uğurlara sahib oldu. Dövlətimiz həm Türk dünyasında, həm Qərb, həm də Şərqdə öz nüfuzunu artırdı. Azərbaycan lideri Türk dünyası birləşdirən lider olmaqla bərabər, eyni zamanda Qərbin və Şərqin yüksək etimadına sahib çıxan siyasətçi kimi adından bəhs etdirdi.