Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli Cənab Prezident!
Sizi-Zəfər Savaşının Müzəffər Ali Baş komandanını Qarabağda yerləşmiş qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinin Qələbəsi münasibəti ilə təbrik edirəm. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbədən sonra antiterror əməliyyatları nəticəsində seperatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi-siyasi qələbəsidir. Bu, beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı, regionun Lider dövləti olduğunun sübutudur.
İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də sentyarbrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, onun əmrlərini dəstəklədi. Azərbaycan dövləti təkcə döyüş meydanında deyil, dünyada qalib gəldi. Dövlətimiz öz nüfuzunu, mövqeyini sonadək qorudu və həyata keçirdi. Dövlətimiz xalqımızı daha da ucalara qaldırdı. Bir gün ərzində nümayiş etdirilən güc və əldə olunan qələbə həm ermənilərə, həm də onların havadarlarına, Azərbaycana hədə-qorxu gələnlərə tutarlı cavab idi.
Hörmətli Cənab Prezident!
Sizin siyasi iradəniz, qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləriniz, mükəmməl plan və, təcrübəniz sayəsində Azərbaycan istədiyinə də istədiyi şəkildə nail oldu. Sizi bir daha Qələbə münasibəti ilə təbrik edir və Sizin rəhbərliyiniz altında ölkəmizin daha böyük uğurlar qazanacağına inanıram”.