Gürcüstanda 34 milyon manatlıq qanunsuz psixotrop dərman şəbəkəsi ifşa edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.
Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən ümumi dəyəri 53,8 milyon lari (təxminən 34 milyon 340 min manat) olan qanunsuz psixotrop preparatların satışı şəbəkəsi ifşa edilib.
Cinayət işi çərçivəsində 24 şirkətə və 31 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb. İttiham olunanlar arasında Gürcüstanın Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin keçmiş rəsmi şəxsləri və məmurları da var.
Hadisə ilə bağlı artıq 17 nəfər saxlanılıb, 3 nəfər beynəlxalq axtarışa verilib, istintaqla fəal əməkdaşlıq edən digər 11 şübhəli şəxs barəsində isə həbs qətimkan tədbiri seçilmədən cinayət işi başladılıb.
Müstəntiqlərin verdiyi məlumata görə, bu cinayətkar şəbəkə 2018-ci ildən bəri fəaliyyət göstərib və ölkə ərazisində güclü təsirə malik psixotrop maddələrin reseptsiz olaraq, hətta apteklərdən kənar yerlərdə də qanunsuz satışını təşkil edib.
Əldə olunan qeyri-qanuni gəlirlər müxtəlif əməkhaqqı və dividendlər vasitəsilə rəsmiləşdirilərək leqallaşdırılıb, sonradan həmin vəsaitlərlə bahalı daşınmaz əmlaklar və lüks avtomobillər satın alınıb.
Hazırda təqsirləndirilən şəxslərin bütün aktivləri və əmlakları həbs edilib. Cinayət qruplaşmasının üzvlərini qanunvericiliyə uyğun olaraq 11 ilə qədər həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






