Dağıstanda evə qayıdan bəy tanışları ilə mübahisə zamanı bıçaqlanaraq qətlə yetirilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Dağıstan KİV məlumat yayıb.
Dağıstanın Qasımkənd kəndində dəhşətli və amansız qətl hadisəsi baş verib. Toy şənliyindən cəmi iki saat sonra yeni evlənən bəy bıçaqlanaraq öldürülüb.
Məlumata görə, şənlik başa çatdıqdan və gəlinlə bəy evə getdikdən sonra bəyə əvvəllər aralarında pul üstündə mübahisəsi olan tanışları zəng ediblər.
Onlar bəyin toy günü üzərində çoxlu nəqd pul olacağını bildikləri üçün məhz bu vaxtı seçiblər. Danışmaq üçün çölə çıxan bəylə tanışları arasında mübahisə kəskinləşib.
Nəticədə yeni evlənən bəyə 13 bıçaq zərbəsi endirilib və o, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Ağır qətli törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı
İnterpress.аz






