“Toy qalmaqalında adları çəkilənlər istefa verməlidirlər” – DEPUTATDAN SƏRT AÇIQLAMAbackend

“Toy qalmaqalında adları çəkilənlər istefa verməlidirlər” – DEPUTATDAN SƏRT AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə nəfərin siyasi mədəniyyət göstərərək könüllü olaraq istefa verməsini və xalqdan üzr istəməsini gözləyirəm”.

Bunu son iki gündə müzakirə olunan toyları KONKRET.az-a şərh edən deputat Bəhruz Məhərrəmov bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, indiki məqamda yoluxma statistikasında artım, vəziyyətin yenidən mənfi tendensiya alması həqiqətən narahatlıq doğurur:

“Lakin açıq deyirəm, insanlara çağırış etməyə, sadə camaatdan nəsə tələb etməyə şəxsən bir deputat kimi cəsarət tapmıram. Nə deyim? Deyim ki, sosial məsafəni qoruyun, karantin qaydalarına əməl edin? Bəs mənə deməz ki, sənə olar, mənə yox? Deməz ki mən də yaxşı edirəm? Deməz ki, bir kasıb sünnət toyu edəndə arvadlı kişili hər kəsi polis idarəsində, dəhliz boyu düzüb fotolarını yayıb rüsvay edirlər, səsinizi çıxarmırsız, amma dövlət ərkanında yüksək mövqe, yer tutanlar karantin qaydalarına tüpürür? Üstəlik nəinki tədbir görən yoxdur, əksinə deputatlar bu pozuntunun müdafiəsinə qalxır, bunu mənə desələr nə cavab verim? Həqiqətən utancverici vəziyyətdir. Dövlət adına, parlament adına biabırçılıqdır!”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, bu qaydalar ancaq kasıb, yetim-yesir üçündürmü?:

“Açığı mən indi heç olmasa bir neçə nəfərin siyasi mədəniyyət göstərərək könüllü olaraq istefa verməsini və xalqdan üzr istəməsini gözləyirəm. O ki, qaldı rəqəmlərə, həqiqətən vəziyyət narahatedicidir. İnsanlarımızdan xahiş edirəm, 3-5 qanun üzərində şahlıq etmək istəyənlə müqayisə olunmağı özünüzə yaraşdırmayın. Özünüzü, ailənizi qoruyun, bu qayda bu məhdudiyyət dövləti yox, insanı qorumaq üçündür. Ruhdan düşməyək, biz birlikdə güclüyük və bu bəlanı da birlikdə dəf edəcəyik!”.