Donald Tramp süni intellektə solçu ideologiya və inklüziv siyasətləri daxil etməyi qadağan edib.
İnterpress.az xəbər verir ki, ABŞ lideri “21-ci əsri müəyyən edəcək mübarizədə” Çinə qalib gəlmək üçün ekoloji tənzimləmələri asanlaşdıracaq və süni intellekt texnologiyasının digər ölkələrə ixracını genişləndirəcək üç sərəncam imzalayıb.
Sənədlərdən biri federal olaraq maliyyələşdirilən şirkətlərdən chatbotları və digər siyasi qərəzli proqramları, əsasən də “proqressiv marksist cəfəngiyyatı” aradan qaldırmağı tələb edir:
“Birdəfəlik “oyanmaqdan” xilas oluruq. Mən federal hökumətə tənqidi irq nəzəriyyəsi kimi partizan və ya ideoloji inanclarla aşılanmış süni intellekt texnologiyasını almağı qadağan edən bir sərəncam imzalayacağam – bu, absurddur”.
Digər fərmana görə, hökumət özəl bazarda süni intellekt funksionallığının tənzimlənməsinə müdaxilə etməyəcək, dövlət satınalmaları zamanı modellərin seçiminə daha diqqətli olacaq.
Üçüncü sənəd ABŞ-nin süni intellektinin xaricdə inkişafı və tətbiqini dəstəkləmək üçün “ABŞ Süni İntellekt İxrac Proqramı”nı yaratmaq və həyata keçirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az