Türkiyə ikiqeydiyyatlı Rusiya təyyarələrinin uçuşlarını yasaqlayıbbackend

Türkiyə ikiqeydiyyatlı Rusiya təyyarələrinin uçuşlarını yasaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ikiqeydiyyatlı Rusiya aviaşirkətlərinə məxsus təyyarələrə ölkənin hava məkanından uçuşu yasaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə RBC-ya “Pegas Touristik” turoperatorunun baş direktoru, “Nordwind” aviaşirkətinin direktorlar şurasının üzvü Anna Podqornaya və Rusiya daşıyıcı şirkətlərindən iki mənbə bildirib.

Podqornayanın sözlərinə görə, Türkiyədən yan keçmək zərurəti ilə əlaqədar, məsələn, Misirə uçuşların müddəti 20-30 dəqiqə artıb. Lakin “səyahət vaxtının cüzi artımı turların qiymətinə təsir etməyib”:

“[Misirə] bütün uçuşlar yerinə yetirilir, turistlər (sərnişinlər) qarşısında öhdəliklər tam şəkildə icra edilir”.

“Skyscanner”in məlumatına görə, Rusiyadan Misirə uçuş müddəti orta hesabla 5 saat 5 dəqiqədir. “Aeroflot”, “Rossiya”, “Pegas Fly”, “Red Wings” və “iFly” bu marşrut üzrə uçuşlara malikdir və ya planlaşdırır.

Rusiya Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, qurum yaxın vaxtlarda bu məsələ ilə bağlı Türkiyə ilə danışıqlar aparmaq niyyətindədir. O, xarici dövlətlərin Moskvanı ittiham etdiyi ikili qeydiyyatın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Çikaqo Konvensiyasının 44-cü maddəsi ilə təsbit edilmiş məqsəd və vəzifələrinə birbaşa zidd olduğunu qeyd edib:

“Çikaqo Konvensiyasının müddəalarının pozulmasını istisna etmək üçün Bermud adaları Rusiya Federasiyasında qeydiyyatdan keçmiş və istismar edilən təyyarələri öz reyestrindən çıxarmalıdır. Rusiya aviadaşıyıcıları Bermud adalarının aviasiya orqanlarına müvafiq sorğular göndəriblər. Bermud Aviasiya Reyestri tərəfindən hava gəmilərinin qeydiyyatdan çıxarılmasının gecikdirilməsi Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

“Bu gün vəziyyət elədir ki, qeyri-dost ölkələr bizi özlərinin yaratdığı “ikili qeydiyyat”da günahlandırır və özlərinin Çikaqo Konvensiyasının əsas prinsiplərini pozduqlarının heç fərqinə varmırlar”, – o əlavə edib.

Xatırladaq ki, analoji qərarı Çin Rusiyanın iki yurisdiksiyadan qeydiyyatdan keçmiş “Boeing” və “Airbus” təyyarələri ilə bağlı verib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan sonra martda Qərbin Rusiya aviasiya sənayesinə tətbiq etdiyi sanksiyalar fonunda Prezident Vladimir Putin Rusiya şirkətlərinin lizinqə götürdüyü xarici təyyarələrin Rusiyada qeydiyyata alınmasına icazə verib. Qanun “nəqliyyat kompleksinin dayanıqlığının yaxşılaşdırılması” üçün qəbul edilib. Hökumət qeyd edib ki, milli uçuşa yararlılıq sertifikatlarının verilməsi aviaşirkətlərə təyyarə parkını saxlamağa və onlardan daxili marşrutlarda istifadə etməyə imkan verəcək. Nəqliyyat Nazirliyinin məlumatına görə, həmin vaxt ölkədə istismar olunan laynerlərin yarıdan çoxu xarici reyestrlərdə qeydiyyatdan keçib.

Avropanın nəqliyyat üzrə komissarı Adina Valean bildirib ki, Rusiya öz daşıyıcılarına “müvafiq sertifikat olmadan xaricə məxsus təyyarələrdən istifadə etməyə” icazə verməklə beynəlxalq təhlükəsizlik standartlarını pozub. Bununla əlaqədar Avropa İttifaqı (Aİ) Rusiyanın 20 aviaşirkətinin, o cümlədən “Aeroflot”, “Pobeda”, “Rossiya”, “Sibir” (S7), “Ural” və digərlərinin uçuşlarını qadağan edib.

İyun ayında Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) təhlükəsizliklə bağlı narahatlıqlarını bildirib. Təşkilatın nümayəndəsi Entoni Filbinin fikrincə, qurumun əndişələri bir təyyarənin birdən çox dövlətdə qanuni qeydiyyata alına bilməməsini bildirən Çikaqo Konvensiyasının 18-ci maddəsinin pozulması ilə bağlıdır. Belə ki, ikili qeydiyyat hava gəmisinin radiostansiya lisenziyasının və uçuşa yararlılıq sertifikatının beynəlxalq səviyyədə tanınması ilə bağlı problemlərə səbəb olur.

Rusiyada uçuşların təhlükəsizliyi ilə bağlı şübhələri “Airbus” şirkətinin rəhbəri Giyom Fori də dilə gətirib və xatırladıb ki, məhdudiyyətlər ölkəyə təyyarələr üçün orijinal ehtiyat hissələrinin tədarükünə və proqram təminatının yenilənməsinə, həmçinin təyyarələrə texniki xidmətin monitorinqinə və saxlanmasına imkan vermir. Buna cavab olaraq Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, ölkədə təmir üçün kifayət qədər mütəxəssis və resurslar var, Rusiya ehtiyat hissələri tədarükçüləri axtarır, ona görə də uçuşların təhlükəsizliyi təmin edilib. Baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov da əmin edib ki, Rusiya aviaşirkətlərinin təyyarələrinə təhlükəsizlik tələblərinə uyğun texniki xidmət göstərilir.