Ankaradakı diplomatik mənbə bildirib ki, NATO-nun genişlənməsi ilə bağlı Türkiyəyə təzyiqlər əbəsdir. Qeyd olunub ki, İsveç NATO-ya üzvlüklə bağlı ərizənin bir neçə həftə ərzində təsdiqini gözləyir: “Bununla bağlı Türkiyəyə təzyiq edilir. Amma sənəd çətin ki, yaxın müddətdə təsdiqlənsin. Bu məsələdə son sözü Türkiyə deyəcək”.
Məlum olduğu kimi, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. İsveç hələ ki NATO-ya qəbul edilməyib.
İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.
NATO Baş katibi Yens Stoltenberq daha əvvəl bildirmişdi ki, Ərdoğan İsveçin NATO-ya üzv olması ilə bağlı sənədin ratifikasiya olunması üçün parlamentə göndərilməsinə razılıq verib.
Ankaranın Stokholmun Alyansa üzvlüyünə qarşı çıxmasının iki əsas səbəbi var. Bunlardan başlıcası İsveçin terrorçuları dəstəkləməsidir. İsveç Türkiyənin təhlükəsizlik maraqlarını görməzdən gəldiyinə görə, Ankara da bu dövlətin strateji maraqlarını nəzərə almır.
İkinci bir tərəfdən, Türkiyə həm də Avropa İttifaqına gedən yolunun açılmasını tələb edir. R. T. Ərdoğan bu barədə mövqeyini açıq ifadə edib: gərək Ankaranın Aİ-yə üzvlüyü yolundakı əngəllər aradan qaldırılsın ki, Türkiyə də İsveçin üzvlüyünü ratifikasiya etsin.
Qeyd edilən məqamlarla yanaşı, Türkiyənin İsveçi “qapıda saxlamasının” başqa səbəbləri də var. NATO-nun genişlənməsi Rusiyanın təhlükəsizlik maraqlarının təhdid edilməsi deməkdir. Ankara bunu istəmir. R. T. Ərdoğan başa düşür ki, İsveçin Alyansa üzvlüyünün ratifikasiya edilməsi nəticəsində Moskva ilə münasibətlər pisləşə bilər. Bu, indiki halda Rusiyanın strateji maraqlarına uyğun deyil. Odur ki, Ankara hələ tələsmir.
Növbəti məqam isə Türkiyənin tədarükünü gözlədiyi ABŞ istehsallı F-16 qırıcı təyyarələri ilə bağlıdır. Uzun illərdir ki, bu məsələ ilə bağlı müzakirə gedir. Amma Vaşinqton hələ ki, qırıcıların tədarükünü ləngidir.
NATO-nun genişlənməsi ABŞ-ın əsas məqsədlərindən biridir. Rəsmi Vaşinqton başa düşür ki, bu məsələ xeyli dərəcədə Ankaranın mövqeyindən asılıdır. Deməli, Ağ Ev Türkiyənin maraqlarına uyğun addım atmalıdır ki, Ankara da Stokholmun üzvlük ərizəsini təsdiqləsin. Bu reallığı ABŞ özü də anlayır.
Beləliklə, NATO-nun genişlənməsi yaxın gələcək üçün real deyil. Türkiyə prosesi mümkün qədər uzatmağa çalışacaq.
Kənan Novruzov
İnterpress.az