Türkiyədə genişmiqyaslı anti-FETÖ əməliyyatı keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Türkiyənin 42 vilayətində “FETÖ” terror təşkilatına qarşı genişmiqyaslı xüsusi əməliyyatlar həyata keçirilib. Ölkənin Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, son iki həftə ərzində təşkilatla əlaqədə şübhəli bilinən 237 nəfər saxlanılıb.
Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən 128-i barəsində həbs qətimkan tədbiri seçilib, daha 61 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı qəbul edilib.
“FETÖ” hərəkatı Türkiyədə 15 iyul 2016-cı ildə baş tutan qanlı dövlət çevrilişinə cəhddən sonra rəsmi Ankara, həmçinin Fars körfəzi ölkələri və Pakistan tərəfindən rəsmən terror təşkilatı kimi tanınıb.
Təşkilatın qurucusu və rəhbəri Fətullah Gülən isə 20 oktyabr 2024-cü ildə ABŞ-nin Pensilvaniya ştatında müalicə olunduğu xəstəxanada vəfat edib.
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ölkə daxilində və xaricdə bu təşkilatın tamamilə təmizlənməsi məqsədilə xüsusi əməliyyatların mütəmadi olaraq davam etdirildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






