Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Azərbaycanlılar Konqresinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə ”Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır” mövzusunda beynəlxalq tədbir keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə Ukrayna və digər ölkələrdən siyasi partiyaların nümayəndələri, beynəlxalq ekspertlər, siyasətçilər, millət vəkilləri iştirak edir. Tədbirdə Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, AAK-nin vitse-prezidenti İlham İsmayılov, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, AAK-nın Baş Katibi Arzu Oktay Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, Ukraynanın nüfuzlu media rəhbərləri çıxış ediblər. Beynəlxalq konfransda çıxış edənlər münaqişəli ərazilər, o cümlədən Krım və Qarabağ məsələsi barədə müzakirələr aparıblar.
Qeyd edək ki, tədbir iştirakçıları Kiyevdə ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidələrini ziyarət ediblər. Onu da bildirək ki, sözügedən tədbirdə Azərbaycandan “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İnterPress” Media Qrupunun rəhbəri Toğrul Allahverdili iştirak edib.