“Top Gear”ın keçmiş aparıcısı Ceremi Klarksona aqressiv xərçəng diaqnozu qoyulub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Məşhur “Top Gear” və “The Grand Tour” verilişlərinin keçmiş aparıcısı, hazırda isə öz fermasındakı fəaliyyətdən bəhs edən layihənin ulduzu olan 66 yaşlı Ceremi Klarksona aqressiv formalı prostat xərçəngi diaqnozu qoyulub.
Sənətçi bu ağır xəbəri rəhbərlik etdiyi “Klarksonun Ferması” (Clarkson’s Farm) sənədli-şou serialının beşinci mövsümünün final epizodlarında bölüşüb. Xoşbəxtlikdən, xəstəlik ilkin mərhələdə aşkarlanıb.
Klarkson həmkarı Kaleb Kuper və Çarli Aylendə may ayında keçdiyi tibbi müayinə və biopsiya nəticəsində bədxassəli şişin aşkarlandığını bildirib.
O qeyd edib ki, müalicə və cərrahiyyə əməliyyatı prosesi səbəbindən müvəqqəti olaraq fermadakı işlərdən uzaqlaşmalı və fiziki fəaliyyətini məhdudlaşdırmalı olacaq.
Aparıcı müalicəsinin məhz məhsul yığımı (biçin) dövrünün ortasına təsadüf edəcəyindən kədərləndiyini, lakin vəziyyətinin yaxşı olacağına və tezliklə tam sağalacağına inandığını vurğulayıb.
Məlumata görə, həkimlər artıq xərçəngin aşkarlandığı nahiyənin bir hissəsini cərrahi yolla xaric ediblər və hazırda sənətçi reabilitasiya dövrünü keçir.
Qeyd edək ki, bu, Klarksonun səhhətində yaranan ilk ciddi problem deyil. O, 2024-cü ilin oktyabrında kəskin ürək ağrısı ilə xəstəxanaya yerləşdirilmiş və onun ürək damarına stent taxılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






