Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan polisinə təbrik ünvanlayıb.
İnterpress.az-ın məlumatına görə, təbrikdə deyilir:
“105 il bundan əvvəl – 1918-ci ilin 2 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil polis orqanları yaradılıb. Cumhuriyyətin var olduğu qısa müddət ərzində Azərbaycan polisi ölkə əhalisinin asayişini qorumaqda misilsiz xidmətlər göstərib, dövlətçiliyimizin keşiyində dayanıb. AXC süqut etdikdən sonra bolşevik diktaturası milli polis orqanlarının məhvi üzərində milis qurumu yaradaraq cinayətkarlıqla mübarizədən daha çox, milli məfkurə adamlarının repressiyasını həyata keçirdi. Amma 70 illik sovet işğalı ərzində problemlərə və çatışmazlıqlara baxmayaraq, Azərbaycan polisinin inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olundu. İstiqlala doğru gedilən 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü baş verən zaman Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq nümunələri tariximizin şərəfli səhifələrindən birinə çevrildi.
Bu dövrdə qeyri-bərabər döyüşlərdə Azərbaycan polisi öz şərəfini qorumaqla yanaşı, həm də düşmənə ağır itkilər verdirdi. Onlar Şuşada, Xocalıda, Laçında və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində misilsiz igidliklər göstərdilər. Neçə-neçə polis zabiti və sıravi əməkdaş qəhrəmanlıq tariximizə yeni imzalar atdı.
Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili İşlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. İkinci Qarabağ müharibəsində də Azərbaycan polisi Zəfər savaşına şanlı imzasını yazmış oldu. Ağır pandemiya dönəmində, yol qəzasından tutmuş terror olayına qədər, polisimiz hər yerdə vətəndaşın və dövlətin təhlükəsizliyinin keşiyindədir. Bu mənada, Azərbaycan polisi dövlətin səngərsiz əsgəridir. Polisin fəaliyyətinin əsas prinsipləri qanunçuluğa, insan hüquq və azadlıqlarına hörmətə, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsinə kökləndiyindən vətəndaş polisə bu gün daha çox inanır. Bu inamı şərtləndirən əsas amil ildən-ilə ictimai vətəndaş maraqlarının keşiyində peşəkarlıq nümayiş etdirən polisin xidməti fəaliyyətidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı hər zaman dövlətin ən önəmli qurumu olan polisimizin üzərində olub.
Başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün DİN şəxsi heyətini Polis Günü münasibəti ilə təbrik edirəm”.