Yaponiyada hökumət COVID-19-u mövsümi qripin aşkar edildiyi “Kod 5” xəstəlik kateqoriyasına yerləşdirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Yaponiya Səhiyyə Nazirliyi COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən “Kod 2” kateqoriyasından çıxarıb.
Yeni qərara uyğun olaraq, COVID-19 artıq qanuni olaraq mövsümi qripin aşkar edildiyi “Kod 5” xəstəlik kateqoriyasına daxil ediləcək.
Belə ki, epidemiya ilə bağlı analizləri müsbət çıxan və yaxın təmasda olan şəxslər üçün tətbiq olunan karantin prosedurları ləğv edilib.
Hökumətin fövqəladə vəziyyət elan etmək səlahiyyəti, o cümlədən iş saatlarının qısaldılması və tələblərə əməl edilməməsinə görə cəza sanksiyalarının tətbiqi də ləğv edilib.
Əvvəllər müəyyən səhiyyə müəssisələrində müalicə alan COVID-19 xəstələri ölkə üzrə xəstəxanalarda xidmət almaq hüququ əldə edə biləcəklər.
Müalicə xərcləri üçün subsidiyalar dayandırıldı. Maskadan istifadə ilə bağlı tövsiyə martın 13-də ictimaiyyətin fərdi qərarına buraxılıb.
İlk hadisənin 2020-ci ilin yanvarında müşahidə edildiyi Yaponiyada 2022-ci ilin sentyabrında 20 milyonu keçən epidemiya halları martın ilk həftəsində 30 milyonu keçib.