Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”backend

Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan həyata gəlir, böyüyür, formalaşır, həyatı yaşayır və həyatdan köçür. Hər gün dünyada yeni insanlar doğulur və ölürlər. Hər kəs xoşbəxt, firavan, sağlam həyat yaşamaq istəyir və buna çalışırlar, amma bunlar heç də hamıya nəsib olmaya bilir.

Amma elə insanlar da vardır ki, onlar elə bir həyat yaşayırlar ki, kiçikdən böyüyə hər kəsin sevimlisi olur, həmin insan uğur qazananda onunla birgə sevinir, xoşagəlməz bir hal olduqda onun üçün üzülürlər. Belə həyat, bu cür sevgi hər kəsə nail olmur. Bizim Qənirəmiz də belə idi…

Qənirə Paşayeva təkcə bir millət vəkili, şairə, jurnalist deyildi, həm də hər bir azərbaycanlının sevimlisi, qayğıkeş vətəndaş, əziz insan, sadiq dost idi. Bəlkə də kimlərsə onunla birbaşa təmasda olmadığı üçün bu fikirləri tam anlamaya bilər, amma yaxınında olan şəxslər üçün Qənirəmizin itkisini sözlərlə ifadə edib bitirə bilmərik.
Onun ictimai-siyasi fəaliyyətini danışmağa bəlkə də, nə zaman, nə də sözlərimiz çatmaz, amma tək bunu demək kifayətdir ki, Qənirə Paşayeva həyatını, fəaliyyətini dövlətinə və xalqına həsr etdi.

Doğmalarım qədər, bəzən onlardan daha yaxın oldu mənə Qənirəmiz. Harda və nə zaman olmağından asılı olmayaraq bir şeyə ehtiyac olduqda özünü yanımızda hiss etdirməyi bacaran bir şəxsiyyət olub. İllərdir ki, bir yerdə olduq və bu müddət ərzində bizlərə həm fəaliyyəti, həm də təcrübəsi ilə saysız-hesabsız xəzinə qazandırdı.
Təsadüfi deyil ki, xəstəxanaya aparıldığı ilk dəqiqələrdən xalqımız onun üçün axın etdi. Dünyasını dəyişdiyi andan etibarən yüzlərlə şəxslər xəstəxana və məscidin qarşısına toplaşdı. Hər kəs çox üzüldü, göz yaşlarına hakim ola bilmədi. Bugün də xalqımız onu məzarı üstündə tək qoymur, ruhuna dualar oxuyur, məzarına güllər qoyur. Qənirəmiz hər kəsin qəlbində unuda bilməyəcəyimiz bir yerdədir.

Əziz bacım, vətənimizin qeyrətli, vətənpərvər qızı, biz səni əsla unutmayacağıq!

Əlvida dəyərli Qənirəmiz…

Yazgül Abdıyeva,

Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İB-nin sədri