Zurabişvilidən Trampa ÇAĞIRIŞ: “Gürcüstanı Moskvanın caynağından qoparmaq lazımdır”backend

Zurabişvilidən Trampa ÇAĞIRIŞ: “Gürcüstanı Moskvanın caynağından qoparmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salome Zurabişvili Trampı Gürcüstanı Moskvanın pəncəsindən qoparmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Times” qəzeti məlumat yayıb.

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili rəsmi Vaşinqtonu, xüsusən də ABŞ Prezidenti Donald Trampı Gürcüstanın Rusiya ilə yaxınlaşması fonunda ölkəyə və Cənubi Qafqaz regionuna diqqəti yenidən artırmağa çağırıb.

Zurabişvili İrandakı gərginlik zəifləsə belə, Qərbin Qafqazı nəzərdən qaçırmamasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan regional balansda getdikcə daha mühüm bəndə çevrilir və Qərb diqqətsizlik səbəbindən ölkəni Rusiyanın maraqlarına tamamilə təslim etmək riski ilə üz-üzədir.

Eks-prezident Gürcüstanın hazırkı hökumətinin heç bir müstəqil strategiyasının olmadığını və onun daxili siyasətinin yalnız Rusiyanın icazə verdiyi çərçivədə müəyyən edildiyini iddia edib.

Zurabişvili həmçinin Gürcüstanda daxili siyasi vəziyyətin sürətlə pisləşdiyini xəbərdar edib.

O bildirib ki, ölkədəki mövcud idarəetmə modeli getdikcə daha çox Kremlin idarəetmə üsullarını xatırladır, lakin buna baxmayaraq, Gürcüstanın mülki cəmiyyəti fəallığını qoruyub saxlayır.

Sabiq prezident müxalifət qüvvələrinin rəsmi hökumətə qarşı birləşərək “vahid milli cəbhə” yaratmasının vacibliyini vurğulayıb.

Zurabişvili qeyd edib ki, Qərb Gürcüstana kənar bir demokratiya kimi deyil, regional mübarizənin növbəti mərhələsində həlledici və əsas strateji nöqtə kimi baxmalıdır.

Xuraman Etibarlı

İnterpress.az