İnsanın tamahı və bitməyən arzuları haqqında danışmaq istəyirik bu gün.
İnsan oğlu hələ sona qədər oxunmayan bir kitaba bənzəyir. Onun bütün davranış və xüsusiyyətləri, zahiri və batini, cismi və ruhi qərizələri bəlkə də hələ tam öyrənilməmişdir. Bu sırada insanın daxili dünyasında özünü çox zaman qabarıq şəkildə göstərən tamah və nəfsi istəklər öndədir. Rəvayət edirlər ki, bir gün Abbasi xəlifəsi Harun ər-Rəşid öz vəzir və nədimlərinə (yaxın adamlar) belə dedi:
-Mən Hz. Peyğəmbəri (s) şəxsən görən və ondan bir hikmətli kəlam eşidən adamı görmək istəyərdim. Həmin adam da Allahın elçisindən eşitdiyi o mübarək kəlamı(hədis)birbaşa mənə nəql eləsin. Mənə belə bir adamı tapın və onu hüzuruma gətirin! Vəzirlər və nədimlər xəlifənin bu çətin və qeyri-mümkün əmrinin müqabilində dedilər:
-Ey bizim əmirimiz,bu mümkün olmayan bir işdir. Çünki, Hz. Rəsulullah (s)-ın zamanı ilə bizim dövrümüzün arasında uzun illər keçmişdir (Harun hicri –qəməri tarixi ilə 170-ci ildə hakimiyyətdə olmuşdur). Harun nədimlərinə sərt bir şəkildə:
-O zamandan bu günə heç kəsin sağ qalmaması mümkün deyil. Gedin axtarın və mənim əmrimi yerinə yetirməmiş geri dönməyin!
Nədimlər çox axtarışdan sonra həddindən artıq qocalmış zəif və ağır eşidən bir kişi tapdılar. Kişi o qədər qocalmışdı ki o, bir zənbilə sığardı. Ona xəlifənin istəyini başa saldılar. Qoca kişi dedi ki, “məni xəlifənin yanına aparın və mən ona heç bir hədis kitabda yazılmayan, uşaqlıqda Hz. Peyğəmbərdən eşitdiyim bir müdrük kəlamı söyləyəcəyəm.”
Beləliklə qocanı xəlifə Harunun hüzuruna aparırlar. Xəlifənin qarşısında qoca kişini rahat otura bilməsi üçün, onun ətrafına çoxlu mütəkkələr və yastıqlar yığırlar. Xəlifə Harun ər-Rəşid qarşısında “bir dəri və bir sümük” şəklinə düşmüş bir kişinin oturduğunu görüb, ona eşidə biləcəyi şəkildə deyir:
-Xoş gəlmisən ey qoca! Eşitdiyimə görə sən uşaqlığında Hz. Peyğəmbəri(s) görmüsən. Bu doğrudurmu?
Yaşının çoxluğundan, həddindən artıq qocalması səbəbindən, ancaq ağır – ağır nəfəs alması ilə sağ olduğu bilinən bu qoca dilləndi :
-Ey xəlifə! Allah sizin kölgənizi yer üzündən əskik etməsin.Bəli ! Mən Hz.Peyğəmbəri şəxsən görmüşəm.
Harun: Necə ?
Qoca: Yaxşı yadımdadır, çox balaca idim. Rəhmətlik atam bir gün əlimdən tutub məni Hz.Rəsulullahın (s) hüzuruna apardı. O görüşdən başqa ,mən daha o mübarək şəxsiyyəti bir daha görmədim.
Qocanın ağır-ağır və zəif səslə danışdıqlarına maraqla qulaq asan Harun :
-De görüm o zaman Rəsulullahdan (s) nəsə bir hikmətli kəlam eşitdin ya yox?
Qoca: Bəli! O gün Allahın elçisindən bu kəlamı eşitdim. O, həmin gün bu kəlamı mübarək dili ilə söylədiyi zaman, mən özüm eşitdim. O mübarək əlam budur ey xəlifə! Allah Rəsulu (s) buyurdular: ”Adəm övladı qocaldığı zaman onun hər şeyi qocalığa məruz qalır. Amma onda iki şey cavan qalır: Tamahı və uzun arzuları.”
Qocanın Hz. Peyğəmbər (s) –dən nəql etdiyi bu müdrik kəlamın təsirindən özünü saxlaya bilməyən Harun ər-Rəşid :
-Əhsən qoca! Bəh-bəh! Vəzir, Bu qocaya mənim xəzinəmdən bir kisə qızıl (yüz qızıl sikkə tutan kiçik pul kisəsi)ənam verilsin. Nədimlərimə tapşır ki, onu yaşadığı ünvana aparsınlar.
Əsgərlər qocanı xəlifənin hüzurundan gəlib apardılar. Vəzir də ona əmr olunmuş işi yerinə yetirmək üçün qoca ilə birlikdə getdi. Bir qədər bundan əvvəl qoca kişinin söylədiyi peyğəmbər kəlamının bəlağət və fəsahətinin təsirindən hələ də çıxmayan xəlifə, dodaq altı bu mübarək kəlamı taz-tez təkrar edirdi. Elə bu zaman o, sarayın həyətində qoca kişinin “Dayanın! Məni Harunun qəbuluna qaytarın. Mənim ona sözüm var“ dediyini eşitdi.
Harun ər-Rəşid nə olduğunu anlamaq üçün dərhal qocanın geriyə, qəbul otağına qaytarılmasını əmr etdi. Əsgərlər bir zənbilin içinə sığmış bu qocanı Harunun qarşısına gətirdilər. Harun təəccüb içində qocaya tərəf əyilərək:
-Nə olub qoca ? Nədən belə narahatsan ? İstəyin nədir ?
Xəlifənin verdiyi bu qəfil suallar qarşısında nəfəsinin çatışmamazlığı səbəbindən özünə gəlməyə çalışan qoca ,bir qədər əvvəl hədiyyə kimi aldığı qızıl kisəsini iki əli ilə sinəsinə sıxmışdı.Onun üzündə dərin çuxura batan bir cüt gözü tamah və hərislik odu ilə parıldayırdı. O,nəhayət ki, özünə gələrək Haruna dedi:
-Ey əmir ! Hər şey yaxşıdır.Allah sizə uzun ömür versin.Amma ,mən bir şeyi başa düşmədim.İstəyirəm ki, siz bunu mənə bildirəsiniz.
Harun təəccüblə : Nəyi başa düşməmisən ey qoca ?
Qoca : Bilmək istəyirəm ki, siz bu yüz qızılı bir dəfəlik verdiniz mənə, yoxsa hər il bu cür yüz qızılı mənə hədiyyə edəcəksiniz?
Gözləmədiyi bir sualla qarşılaşan Harun ürəkdən qəhqəhə çəkərək bunları dedi:
-Ruhun şad olsun ya Rəsulullah (s.a.v) ! Həqiqətən necədə gözəl demisən, “Adəm övladı qocaldığı zaman onun hər şeyi qocalığa məruz qalır. Amma onda iki şey cavan qalır: Tamahı və uzun arzuları.”
Ay saray əhli! Ey vəzirlərim və nədimlərim! Bu qocanın yüz qızılı var ikən, həm də sabaha salamat çıxması sual altinda olduğu bir halda, tamahı yenə də sərvət və mal sevgisi ilə baş qaldırmışdır. Həqiqətən də insanın tamahı və arzuları qocalmır .