“Azərbaycan-İsrail əlaqələrində heç nə dəyişməyib”backend

“Azərbaycan-İsrail əlaqələrində heç nə dəyişməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz 2014-cü ildə Azərbaycan-İsrail əməkdaşlığını şərh edərkən deyib.

Diplomat qeyd edib ki, Azərbaycan prezidenti ötən il İsrail liderləri ilə 5 dəfə görüş keçirib: \”Əlaqələrimizi yaxşı, dərin və hərtərəfli adlandırmaq olar. Biz İlham Əliyevin apardığı siyasəti, ölkəni necə idarə etməsini yüksək qiymətləndiririk”.

İsrailin “Haaretz” və “Yerusalim Post” qəzetlərində Azərbaycanla bağlı yer alan materiallara gəldikdə isə səfir bir daha İsrail ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Azərbaycanla İsrail arasında dərin əməkdaşlıq mövcuddur. Rəsmi məsələlərlə bağlı qapalı müzakirələr aparırıq”.

Diplomat qeyd edib ki, İsrail 2015-ci ildə əməkdaşlığa nikbin baxır: “2015-ci ildə Bakıda əlamətdar hadisə olacaq – I Avropa Oyunları keçiriləcək. İsrail mətbuatı daim bu haqda yazır. Bu, Azərbaycanı Avropaya və bütün dünyaya tanıtmaq üçün əla fürsət olacaq”.

Səfir həmçinin iqtisadi əməkdaşlıq sahəsində önəmli artım tendensiyasını önə çəkib: “Azərbaycanda İsrailin özəl sektorlarının sayı artır və əksinə. Azərbaycan İsraildə biznesin qurulması üçün olduqca əlverişli ölkə imicinə malikdir. Qeyd etmək istərdim ki, AZAL İsrailə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bu yaxınlarda isə AZAL yeni Tel Əviv-Bakı-Nyu York aviareysi açıb”.

R. Harpaz həmçinin ümidvar olduğunu bildirib ki, 2015-ci ildə standartlaşma və ikiqat vergitutmadan yayınma haqqında sazişlər imzalanacaq. Onun sözlərinə görə, bu, ticarət həcminin artımına təkan verəcək.

Səfir həmçinin tərəflər arasında turizm sahəsində əməkdaşlığın genişləndiyini, habelə mədəniyyət sahəsində uğurlu tərəfdaşlıq olduğunu qeyd edib.

Səfir bildirib ki, İsrail Azərbaycanın energetika sahəsindəki təcrübəsini öyrənmək istəyir: “Biz Knessetdən SOCAR fonduna oxşar fond təsis etməyi xahiş etdik. Bu istiqamətdə təcrübəmiz yoxdur, Azərbaycanın təcrübəsindən yararlanmaq istəyirik“.

Planlaşdırılan səfərlərə gəldikdə isə R. Harpaz qeyd edib ki, 2015-c ildə İsraildə seçkilər bitdikdən sonra İsrailin yüksək çinli rəsmilərinin Azərbaycana səfərləri gözlənilir. O həmçinin yəhudi icmalarının ikitərəfli əməkdaşlıqda rolunun vacibliyinin önə çəkib: “Azərbaycanda 5 böyük yəhudi icması var. Onlar Oğuz, Sumqayıt, Quba və Bakıda fəaliyyət göstərir. Azərbaycan tolerantlıq modelidir. Biz bunu yenidən görürük, bunu dünyaya göstərmək lazımdır”.

Diplomat bir daha qeyd edib ki, Azərbaycan-İsrail əlaqələrində heç nə dəyişməyib. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

İnterpress.az