1990-cı ildə Bakıda rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı 20 Yanvar faciəsinin izlərini gələcək nəsillər üçün saxlayır.
İnterpress.az xəbər verir ki, 60 yaşlı Nazim Ələkbərov həmin günü sovet ordusuna qarşı sinə gərən azərbaycanlılara yemək, odun kimi materiallar daşıdığını bildirib.
O, 20 Yanvarın ilk saatlarında maşınına odun yükləyərək məhəlləsindəki bəzi gənclərlə mitinq meydanına gedərkən yolda rus tankları ilə qarşılaşıb. Yanlarından keçən tanklardan birinin qəfildən dayandığını və üzərlərinə doğru hərəkət etdiyini dilə gətirən azərbaycanlı, o anları belə xatırlayıb:
“Həm üzərimizə gəlir, həm atəş açırdılar. Qapını açdım uşaqlar tullandı. Tankın tırtılları sanki işıq saçırdı. Tank gəlib maşının üstündən keçdi. Öldüyümü fikirləşdim amma sağ qalmışdım. Sinəm, ciyərlərim, ayaqlarım əzildi, amma həyatda qaldım. Mənim avtomobilimi əzən tank daha sonra yaxınlığımızdan keçən və içində insanların olduğu mikroavtobusu əzdi”.
Şahid əzilmiş avtomobildən öz səyi ilə çıxdığını və evə qayıdanda ailəsinə yaşadığı acını danışmağa söz tapmadığını bildirib.
S.Qərib
İnterpress.az