Qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə məlumat verilib.
Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən təsadüfən aşkar edilib. Tədqiqat işləri nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Ermənilərin azərbaycanlılarla yanaşı, bu bölgədə yaşayan digər xalqların nümayəndələrini də qətlə yetirdiyi vurğulanıb.
Jan-Mari Bokel jurnalistlə açıqlamasında deyib ki, belə faciəli hadisələr insanları düşündürür və onların sülhpərvər hisslərini artırır. O, həmçinin Azərbaycanın Fransadakı dostları olaraq hər məsələyə həssas yanaşdıqlarını bildirib: “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik”.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Fransa nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətində, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə də olub. Nümayəndə heyəti Qusar rayonuna da səfər edəcək. ( apa )
İnterpress.az