Ləğv edilmiş S-21 səsdən sürətli təyyarə layihəsi bərpa olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
1980-ci illərdən etibarən “Suxoy” Təcrübə-Konstruktor Bürosunda (TKB) hazırlanan və sonradan ləğv edilən S-21 layihəsi yenidən bərpa olunub. Biznes sinfinə aid səsdən sürətli sərnişin təyyarəsinin modelləri hazırda Mərkəzi Aerohidrodinamika İnstitutunda yenidən aerodinamik sınaqlardan keçirilir.
S-21 layihəsi ilkin olaraq milyarderlər və məmurlar üçün nəzərdə tutulub – hava gəmisi 16 sərnişin daşımaq üçün dizayn edilib. Təyyarə qitədən qitəyə 7-10 min kilometr məsafəni səsdən yüksək sürətlə qət etməli idi.
Əlavə olaraq bildirək ki, layihənin hazırlanmasına hələ 1980-ci illərin sonlarında başlanılmışdı. Lakin 1990-cı illərin ortalarına qədər bu işə tələb olunan 3 milyard dollar (təxminən 5 100 000 000 manat) əvəzinə, cəmi təqribən 25 milyon dollar (təxminən 42 500 000 manat) sərmayə yatırılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






