Xəbərdə deyilir: “Türkiyənin xüsusi xidmət orqanları Azəbaycan müxalifəti barədə şok bir dosye hazırlayıblar və həmin məxfi sənəd bu günlərdə baş nazir (?) Rəcəb Təyyib Ərdoğana təqdim olunub və bu dosyedə Azərbaycan müxalifətçilərinin Taksim hadisələrinə baxışları, həmin olaylarda rolu, iştirakı, bu hadisələrə yanaşması barədə faktlar yer alır”. Guya bu məlumat sayta Türkiyənin hakimiyyət orqanlarına yaxın mötəbər mənbələrdən daxil olmuşdur. Saytın yazdığına görə, sənəddə Türkiyədə dövlət çevrişinə cəhd edənlər sirasında mənim də adım hallandırılmışdır: “Sabir Rüstəmxanlının Türkiyənin daxili işlərinə qarışaraq Ərdoğan hökumətini devirməyə açıq çağırışlarda bulunması dosyedə xüsusi vurğulanıb”. Mən Türkiyə Cümhuriyyətində belə bir sənədin hazırlanıb-hazırlanmaması barədə bir şey deyə bilmərəm. Əgər belə bir şey varsa da, onu hazırlayanlar elə bu xəbəri verən və ya bu xəbəri hazırlayanlar ağıldadır. Türkiyədən hakimiyyətə yaxın \”mötəbər mənbə” belə bir xəbər verə bilməz. Ən azı ona görə ki, “mötəbər mənbə” sayın Ərdoğanın “baş nazir” yox, cümhurbaşqanı olduğunu bilməmiş deyil! Bunu Bakıda qarışdıra bilərlər, ancaq Türkiyədə kimsə qarışdırmaz və Türkiyənin istənilən məmuru və vətəndaşı buna bənzər yazılarda hətta sevmədiyi opponenti haqqında danışanda da müraciət etikasını pozmur. Xəbərdə mənim haqqımda yazılan sözlər cəfəngiyyatdır və işverənlikdən başqa bir şey deyildir. Türkiyəyə ilk gedişimdən təxminən 30 ilə yaxın bir vaxt keçir. Bu vaxt ərzində mən Türkiyənin Böyük Millət Məclisindən, prezidentlərindən tutmuş ucqar köylərdəki sıravi vətəndaşlarına qədər müxtəlif adamlarla söhbətlərədək, saysız-hesabsız görüşlərdə olmuşam. Türkiyədə doqquz kitabım çıxıb. Qəzetlərdə, dərgilərdə yazılarım dərc edilib. Elmi konfanslarda çıxışlar etmişəm. Bunların heç birində Türkiyə iqtidarının zorla dəyişdirilməsi, dövlət çevrilişi, dərbə haqqında bircə cümləlik fikrimi tapa bilməzlər. Çünki mən Türkiyə ilə Azərbaycanın əlaqələrinə qardaşlıq münasibəti kimi baxıram və qardaş dövlətin daxili işlərinə qarışmağı nəinki özümə, kimsəyə rəva görmərəm. Türkiyədəki konfranslarda, televiziya verilişlərində də bu fikirimi dəfələrlə dilə gətirmişəm. Bizim Türkiyə iqtidarından, Türkiyəni qəlbən sevən bir qardaş kimi, hər hansı bir rahatsızlığımız ola bilər, lakin Türkiyənin taleyini, kimin hakimiyyətə gəlib, kimin getməsini istisnasız olaraq böyük türk xalqı müəyyənləşdirir. Türkiyə ilə münasibətlərimiz iqtidar-müxalifət çərçivələrinə sığmaz. Bu, partiyalarüstü bir münasibətdir; “bir millət, iki dövlət” olmanın gətirdiyi bir məsuliyyətlə yanaşma tələb edir. Mənim Türkiyədə hər hansı bir siyasi partiyaya rəğbətim ola bilər və ya hər hansı bir liderin müəyyən sözünü, atdığı addımı bəyənməyə bilərəm, amma bunlar mənə Türkiyənin daxili işərinə qarışmaq haqqı verməz. Onsuz da dünyada Azərbaycanın bəlkə də yeganə səmimi dayağı olan Türkiyə ilə ilişgilərimizi pozmağa çalışan yetərincə düşmənimiz, fitnəkarlıqla məşğul olan satılmışlar, erməni, rus nökərləri var. Buna görə də, bu həssas dönəmdə Türkiyə-Azərbaycan münasibətlərini qorumaq, hər iki ölkədə xalqın seçiminə, ölkə rəsmilərinə sayğı ilə yanaşmaq borcumuzdur. Buna bənzər söhbətlər yeddi il bundan öncə “Ərgənəkon davası” başlananda da ortaya atılmışdı. Bu işi aparan savçılardan Zəkəriyyə Özün iddianaməsində bizim ailə Ərgenekon “təşkilatının” Azərbaycan təmsilçisi kimi qələmə verilmiş və hətta mənim qızımın adı sənəddə Ərgenekonun Azərbaycan təmsilçisi olaraq göstərilmişdi. O zaman mən sayın Ərdoğana bir məktub yazmışdım. Yazmışdım ki, mən Ərgənəkon olayında adı çəkilən bəzi Türkiyə vətəndaşlarını yaxından tanıyıram və onların dilindən heç vaxt bu iddianamələrdə irəli sürülən dövlət çevrilişi cəhdi haqqında bir söz eşitməmişəm və mənim 13 yaşlı qızımın adının da bu iddianamədə çəkilməsi göstərir ki, Zəkəriyyə Özün apardığı iş əsası olmayan və saxta bir işdir. Sağ olsun sayın Ərdoğan, bundan sonra bizim adımız o iddianamədən çıxarıldı. Bir neçə ildən sonra həbs olunanlar azadlığa buraxıldı, amma Zəkəriyyə Öz cinayətlərinə görə ölkədən qaçdı, həm də ilk qaçdığı ölkə Ermənistan oldu. Bu, bizim Türkiyə sevgimizdə nə qədər səmimi olduğumuzu göstərən bir dəlildir və əlavə yozum istəmir. İşverənik edən “mötəbər mənbələr” müxtəlif bəhanələr tapıb, yeri gəldi-gəlmədi, əllərində əsas oldu-olmadı, mənə belə ləkələr yaxmaq üçün dəfələrlə dəridən-qabıqdan çıxıblar. Amma anlamayıblar ki, biz onlar kimi düşünmürük və heç vaxt onların özlərinə rəva gördüklərini özümüzə yaraşdırmarıq. Mənim Türkiyənin iqtidarında da, müxalifətində də yetərincə dostlarım var. İqtidar və müxalifət nümayəndələrinin qatıldığı konfranslarda sözümü həmişə açıq demişəm, Türkiyədə baş verən proseslərə münasibətlərimi səmimi-qəlbdən, sevərəkdən, televiziya ekranlarından dilə gətirmişəm. Yəqin ki, bu çıxışlar müxtəlif şəkillərdə qeyd olunub və arxivlərdə qalır. Türkiyə hökuməti üçün bu çıxışların hansının nəyə çağırış olduğunu ayırd etmək o qədər də çətin deyil, qoy o saytı idarə edənlər narahat olmasınlar.
İnterpress.az