“Bizim Yol” qəzetinin yazdığı xəbərdə bildirilir ki, ölkə üzrə kredit qoyuluşlarının həcmi ilin əvvəli ilə müqayisədə 20.6 milyard manatdan 19.1 milyard manata qədər düşüb. Hərçənd, AMB kredit qoyuluşlarının azalma səbəbini Azərbaycan Beynəlxalq Bankı ASC-də aparılan restrukturizasiya tədbirləri ilə əlaqələndirir. Lakin bəllidir ki, fevral ayında manatın devalvasiyasından sonra banklar tərəfindən kreditlərin verilməsi məhdudlaşdırılıb. 9 ay ərzində problemli kreditlərin həcmi isə 400 milyona yaxın artaraq 1.3 milyard manata çatıb.
Əmanət qoyuluşlarında da sürətlə azalma müşahidə edilir. Devalvasiyaya qədər fiziki şəxslər tərəfindən banklara yatırılan depozitlərin həcmi 7.9 milyard manat idisə, sentyarb ayı üçün onlar 7.3 milyard manata qədər düşüb. 9 ay ərzində əhali təqribən 600 milyon manatlıq əmanətini geri çəkməli olub.
Təəssüf ki, bir sıra məlumatlar AMB tərəfindən açıqlanmadığından daha ətraflı təhlil aparmaqda çətinlik yaranıb. Belə ki, yeni qaydalara görə bu ilin yanvarın 1-dən etibarən məcmu kapitalı 50 milyon manatı ödəməyən bankların lisensiyazı ləğv edilməli idi. O zaman Mərkəzi Bank yanvar ayı üçün açıqladığı statistikada belə bankların sayının 4 olduğu göstərilirdi. Ötən müddət ərzində isə yalnız iki bankın bağlanmasının şahidi olduq.
2015-ci ilin III rübünə dair məlumatına görə, ləğvetmə prosesində olan bankların sayı 7-yə yüksəlib. İlin əvvəlində isə bu rəqəm 5 idi. Doğrudur, ləğvetmə prosesində olan banklar dedikdə burada heç də onların dərhal bağlanılacağı anlamına gəlmir. Sadəcə olaraq həmin maliyyə təşkilatları Mərkəzi Bankın öhdəliklərin tam yerinə yetirməkdə çətinlik çəkirlər. AMB isə müəyyən müddət onlara güzəştlər edir. İndi burada 7 bankın hansı öhdəlikləri yerinə yetirə bilməməsi açıqlanmır. Onun 2-sinin məcmu kapitalını ödəyə bilməməsi aydındır. Belə aydın olur ki, devalvasiya sözügedən sektora ciddi mənfi təsirlər göstərib.
Bundan əlavə maliyyə qıtlığı ilə üzləşən banklar yerli filiallarını bağlamağa başlayıblar. Statistikaya əsasən, III rübdə əvvəlki rübə nisbətən 5 filial bağlanıb. Şöbələrin sayında isə əksinə, artım müşahidə edilir. Bu o deməkdir ki, banklar ayrı-ayrı kənd və qəsəbələrdə filial açmaqdan çox, xərclərə qənaət etməklə regional şöbələr yaratmağa üstünlük verir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev sosial şəbəkədə yaydığı şərhdə bildirir ki, ilin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub: \”Əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib. Xərclərin optimallaşdırılması adlanan siyasəti çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir. Dərc olunmuş 9 aylıq göstəricilərin bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir\”.
S.Əliyev yazır ki, bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə – 6,3 milyard AZN-ə düşüb: \”Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb.
Bundan əlavə, problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə-1,4 milyard AZN-ə çatıb. Belə kreditlərin ümumi portfeldə payı isə 7,1 faizə çatmaqla son 11 ilin rekordunu vurub. Beynəlxalq Bankdakı restrukturizasiya olunmuş kreditləri də əlavə etsək vəziyyətin daha gərgin olduğunu deyə bilərik.
Əmanət qoyuluşu isə devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2.5 dəfə azalmaqla yanaşı, onun payı 24 faizə düşüb.
2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb, ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə qalxıb. Kredit kartlarının sayı 2014-cü ilin may ayından bəri ən aşağı həddə-1,13 milyona düşüb.
Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə -962 milyon manata düşüb\”.
İqtisadçı qeyd edir ki, oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir: \”Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub.
Pul bazasının məhdudlaşdırılması, büdcə xərcləmələrinin azaldılması, iş yerlərinin bağlanması fonunda əhalinin gəlirlərinin azalması bank dövriyyəsini və kreditləşməni kəskin azaldıb. Üstəgəl problemli kreditlərin artması bankların gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb, zərərini isə artırıb.
Banklar, hələ ki, filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz\”.
S.Əliyevə görə ixtisar prosesi davam edəcək və daha geniş vüsət alacaq: \”Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştəri kontingentinin məhdudlaşması, asan neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır ki, bu da bəzi bankların, o cümlədən, BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcəyinə şübhə yeri qoymur. İlkin dövrdə BOKT-ların banklar tərəfindən udulması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə \”əridilərək\” təsirinin minimuma endirilməsi sonra isə ləğv edilməsi mümkündür.
Yaxın dövrdə bank sektoru üçün ümidli heç nə görünmür. Xüsusilə də ehtimalı yüksək olan potensial devalvasiya banklara növbəti öldürücü zərbə vura bilər. Bu halda ixtisarlar da kömək edə bilməyəcək\”.
İnterpress.az