Maliyyə sahəsi üzrə ekspert, IJS hüquq firmasının direktoru, vəkil Əkrəm Həsənov Azərbaycanda fəaliyyət göstərən banklar və milli valyuta ətrafında dolaşan proqnozlarla bağlı Modern.az saytının suallarını cavablandırıb:
– Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının maliyyə durumunu, ümumilikdə fəaliyyətini necə qiymətləndirirsiniz? Müşahidələr göstərir ki, vətəndaşlar öz əmanətlərini sürətlə geri çəkməyə başlayıblar…
– Azərbaycan banklarının bugünkü vəziyyəti çox ağırdır. Bunun bir neçə səbəbi var. Əlbəttə, bankların ağır durumda olmasının əsas səbəbi problemli kreditlərin həcminin artması və əmanətlərin banklardan sürətlə geri çəkilməsidir. Problemli kreditin, bankın verdiyi pulun özünə geri qayıtmadığı anlamına gəldiyini nəzərə alsaq, onun əmanətinin azalması normaldır. Bir tərəfdən bankın əmanəti azalır, digər tərəfdən müştəri cəlb edərək ona kredit verir. Götürülən pullar geri qayıtmır və əmanətçi öz vəsaitini çıxarmağa gəldiyi zaman bank aciz qalır.
– Ekspertlərin proqnozlarına görə, ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən 43 bankın təxminən yarısından çoxu bağlanacaq. Təhlillər aparıldığı zaman bu nə dərəcədə real görünür?
– Hazırda iki bank bu vəziyyətdədir. Bunlar “Texnika Bank” və “Bank of Azərbaycan”dır. Hər iki bank artıq müştərilərin əmanətlərini geri qaytara bilmir. Böyük ehtimalla, yaxın zamanda bağlanmağa namizəd olan bu iki bankdır.
Banklarda vəziyyətin bu həddə çatmasının bir çox səbəbləri var. Bu gün banklarda kadr, idarəetmə, korrupsiya problemləri var. Krediti kimə, necə gəldi verdiklərinə görə də onu geri ala bilmirlər. Əminliklə deyə bilərəm ki, Azərbaycandakı kommersiya banklarının fəaliyyəti qeyri-şəffafdır. Qanunvericilik tələb edir ki, banklar azı rübdə bir dəfə internet saytında maliyyə hesabatlarını açıqlasın. Bizdə 43 bankdan 32-i bu hesabatları vermir. Hesabat verilmədiyi üçün də onların əslində hansı vəziyyətdə olduğunu görmürük. Ona görə də proqnoz vermək çətindir. Qabaqcıl Avropa ölkələrində bank öz hesabatını açıqlamırsa, bu, onun çox pis vəziyyətdə olduğunu göstərir. Çünki vəziyyəti yaxşı olan bank özü haqqında məlumatı gizlətməz. Ona görə də ehtimal edirəm ki, növbəti ildə kommersiya banklarının azı 50 faizi bazarı tərk edəcək. Problemli kreditlərin həcmi artırılacaq və daha çox əmanətlər geri çəkiləcək.
– Problemli kreditlər məsələsinə toxundunuz…
– Problemli kreditlərin həcmi artan xətlə gedəcək. Əslində, bankların problemli kreditlərinin həcmi onların elan etdiyindən də çoxdur. Sadəcə, onu müxtəlif adlarla gizlədə bilirlər. Banklar hətta problemli kreditlərin qaytarılmasında da qeyri-şəffadırlar, qanunauyğun fəaliyyət göstərmirlər.
– Fərziyyə kimi düşünək ki, əmanətçilər öz əmanətlərini eyni anda banklardan çəkir. Bu halda bankları nə gözləyə bilər? Nəzərə alaq ki, kommersiya bankları məhz vətəndaşların yatırdıqları əmanətlər hesabına ayaqda durmağı bacarır. Buna ayaqda durmaq demək olarsa…
– Bu halda bank sistemi çökər. Əmanətlərin hamısının çəkilməsi vacib deyil. Bu gün əhalinin müxtəlif banklarda 7 milyarddan çox vəsaiti var. Mərkəzi Bankın ehtiyatları isə heç 7 milyarda çatmır. Buradan görünən odur ki, siz deyən kimi, əgər hamı eyni anda əmanətlərini geri çəkmək istəsə, ümumiyyətlə, banklar həmin vəsaiti geri qaytarmaq iqtidarında olmaz. Hazırkı durumda isə əmanətlərin geri çəkilməsi davam edir. Səbəblər isə eynidir. İnsanlar həm devalvasiyadan, həm də bankların batmasından qorxur. Ən başlıcası da əhalinin gəlirləri kəskin azalıb. Gəlirlər azaldığı üçün vətəndaş indiyə qədər saxladığı pulları xərcləməyə başlayıb.
– Necə düşünürsünüz, böhrandan az risklə çıxmaq üçün vətəndaşın öz vəsaitini hansı şəkildə saxlaması daha perspektivli və etibarlıdır?
– Azərbaycanda indi ən təhlükəli variant əmanətlərin banklarda saxlanmasıdır. Çünki banklar etibarını itirib. Nəzərə alaq ki, külli miqdarda pulun evdə saxlanması da təhlükəlidir. Qızıl şəklində saxlanması da elə ona bərabərdir. Tutaq ki, pulu qızıla yatırdıq. Harada saxlayacağıq? Əlbəttə, evdə. Bu baxımdan həmin variant da optimal deyil. Avropada olduğu kimi, qiymətli kağızlar bazarımız da yoxdur ki, pulları ora yatıraq. Yenə də qayıdırıq daşınmaz əmlaka. Çünki bu gün ən təhlükəsiz, aktiv növ daşınmaz əmlakdır. Burada qiymətin düşməmə ehtimalına görə ən sərfəlisi torpaqdır. Bilirik ki, bina evlərindəki qiymətlər enməkdə davam edir. Ehtimal olunur ki, bu tendensiya gələn il də davam edəcək. Doğrudur, torpağın da qiyməti düşəcək, amma kəskin yox. Onu da deyim ki, əhalinin bir qismi daşınmaz əmlakı Azərbaycanda deyil, xarici ölkələrdə alır. Bu da məhz daşınmaz əmlakın qiymətinin düşməsi ehtimalı ilə bağlıdır. Gəlirlilik nöqteyi-nəzərindən yaxşı olardı ki, vətəndaşlar öz vəsaitlərini elə pul şəklində saxlasınlar. Pul deyəndə, milli valyutanı nəzərdə tutmuram. Çünki manatın növbəti devalvasiya təhlükəsi çox böyükdür. Vəsaiti dollar, avro, ingilis funtu, İsveç frankı kimi 4 valyutadan birində saxlamaq daha sərfəlidir. Sadəcə, təhlükəsizlik baxımından pulu harada saxlayacağımız məsələsi problemdir. Amma ən problemlisi banklarda saxlamaqdır. Çünki bankların böyük hissəsinin müflisləşməsi realdır. Ən azından nəzərə alaq ki, banklar ötən il maliyyə hesabatlarını dərc etdiyi halda, bu il etmirlər. Əhali də artıq vəziyyəti anlamalı və buna uyğun hərəkət etməlidir.
– İllərdir bu sahədə çalışan mütəxəssis olaraq manatın taleyi ilə bağlı nə deyə bilərsiniz?
– Növbəti devalvasiya qaçılmazdır və onun qorxusu bankların vəziyyətini daha da pisləşdirəcək. Böyük əksəriyyəti bazardan gedəcək.
– Ən pis halda manat dollar qarşısında nə qədər dəyər itirəcək?
– Bilirsiniz, bu barədə dəqiq rəqəm söyləmək çətindir. Bu gün Azərbaycanın 40 milyarddan çox valyuta ehtiyatı olduğu bəyan edilir. Amma biz həqiqi dəyəri bilmirik. Çünki valyuta ehtiyatları dedikdə, elə təəssürat yaranır ki, ehtiyatların hamısı pul şəklindədir. Əslində hamısı pul şəklində deyil. Həmin ehtiyatların bir qismi xaricdən alınan qiymətli kağızlardadır, onlara etibar edilib-edilməyəcəyini isə bilmirik. Digəri xaricdə bahalı daşınmaz əmlaka qoyulub. Əgər hansısa əmlakın qiymətinin 200 milyon olduğu deyilirsə belə, biz onun həqiqi qiymətini bilə bilmirik. Buna görə də milli valyutamızın hansı dərəcədə ucuzlaşması həmin valyuta ehtiyatlarının həqiqi dəyərindən asılıdır. Əgər valyuta ehtiyatlarının həqiqi dəyəri 20 milyarddırsa (40 milyon olduğu açıqlanıb) belə, bu halda manat 2 dəfə qiymətdən düşə bilər. Düşünürəm ki, fevral ayındakı həddə növbəti devalvasiya olacaq”.