“Gəncəbank” rəhbəri Pərvanə Novruzovanın adı daha bir məhkəmə araşdırmasına qarışıb.
Gəncə şəhər sakini Natalya Kərimova anası Yelena İosifovna Drobışevskayadan ona miras olaraq qalmış mənzilin bank rəhbəri tərəfindən saxtakarlıqla ələ keçirildiyini bildirib. Onun sözlərindən bəlli olur ki, anasına məxsus Gəncə şəhəri, Kəpəz rayonu, F. Əliyev küçəsi, I döngə, bina 11, mənzil 1 ünvanında yerləşən mənzil illər öncə ələ keçirilib: “Məhkəmə zamanı məlum olub ki, həmin mənzilin saxtakarlıqla ələ keçirilməsində Pərvanə Novruzova və onun qaynı Rauf adlı şəxs iştirak ediblər. Saxtakarlığa don geydirmək üçün belə görüntü yaratmağa çalışıblar ki, guya N.Kərimovanın anası Y.Drobışevskaya 86 yaşı olarkən yaşadığı Belarusyanın ucqar vilayətindən Moskva şəhərinə gəlib. Orada mübahisə obyekti olan Kəpəz rayonundakı mənzilini etibarnamə ilə ilkin olaraq Zaur adlı şəxsə, sonra Gülarə adlı bir qadının adına, sonra isə kürəkəni Samir adlı şəxsin adına keçirib”.
N.Kərimovanın vəkili Ceyhun Yusifov deyir ki, mənzilin etibarnamə üzrə addan ada keçirilməsi saxtakarlığın izini itirməyə hesablanmış addım olub. Lakin məhkəmə gedişatında cavabdeh Samir adlı şəxs hər şeyi etiraf edib, hadisənin əsas təşkilatçısının Pərvanə Novruzova olduğunu bildirib: “Natalya Kərimovanın anası hazırda həyatda yoxdur. Bu saxtakarlıqlar həyata keçirilən zaman Kərimovanın anası Y.Drobışevskayanın 86 yaşı olub. Belə bir yaşda olan ahıl qadının etibarnaməni imzalamadığını söyləmək üçün bir fakt yetər – saxtakarlıq edənlərin ağlına gəlməyib ki, 86 yaşlı qadın 800 km məsafəni qət edə bilməzdi. Üstəlik, onun yanında heç kim olmayıbsa, o, tək olubsa, bu qədər məsafəni qət etməsi sadəcə reallığa uyğun deyil”.
Natalya Kərimova Kəpəz Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, anası uzun illər həmin mənzildə yaşayıb: “Anam illərlə həmin evdə yaşadıqdan sonra yaşlı olması səbəbi ilə doğulduğu Belarus Respublikasına köçüb. Bundan sonra bir neçə il mən orada yaşadım. Anam 15 mart 2011-ci ildə vəfat etdi. Anamın yeganə övladı olaraq onun vərəsəsi qismində çıxış edərək rəsmi qaydada həmin evi öz adıma rəsmiləşdirmək istəsəm də, ölkə xaricində olduğum üçün bu mümkün olmadı. Belə ki, ”Gəncəbank\” ASC-nin müdiri Pərvanə Novruzova tərəfindən əmlaklarım zorla ələ keçirilib, mənə təzyiq göstərilərək ölkədən çıxmağım üçün hədə-qorxu göstərilib. Bunun nəticəsində də mən 2002-ci ilin yanvarından ölkəni tərk etmək məcburiyyətində qalmışdım. Yəni rəsmi qaydada həmin mənzili tək vərəsə olaraq öz adıma rəsmiləşdirmək imkanından faktiki olaraq məhrum olunmuşdum.
Pərvanə Novruzova tərəfindən başıma gətirilən bu və digər səbəblərdən anamdan miras qalan əmlak üzərində mülkiyyət hüququmu həyata keçirə bilməmişəm. Beləliklə də mənim Notariat kontoruna müraciət edərək mirası qəbul edə bilməməyimin səbəbi məhz məlum hadisələrə görə ölkəyə gəlmək imkanından məhrum edilməyim olub. Əslində anamın qanuni vərəsəsi olaraq mənzili qəbul etməyim dolayısı ilə baş verib\”.
N.Kərimova deyir ki, 2015-ci ildə Azərbaycana qayıdıb və anasına məxsus mənzildə qonşuluqda yaşayan Gülarə İmamquliyevanın yaşadığını görüb. Onlardan qanunsuz olaraq zəbt etdikləri mənzildən çıxmalarını tələb edib: “O, qətiyyətlə evdən çıxmayacaqlarını bildirərək məni oradan qovdu. Buna görə də məhkəməyə iddia verib anam Drobışevskaya Yelena İosifovnadan miras olaraq qalmış mənzilin həmin hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququm tanınaraq tərəfimdən vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişəm”.
N.Kərimovanın vəkili Əziz Qəmbərov isə deyir ki, iş üzrə yol verilmiş saxtakarlıqlar aşkardır: “Məhkəmədə də sübut olundu ki, Yelena Dobrışevskayanın mənzilinin ələ keçirilməsi prosesi onun qızı Natalya Kərimovanın əmlakının ələ keçirilməsi prosesindən heç nə ilə fərqlənmir. Yəni hər iki şəxsə məxsus əmlaklar vahid mərkəzdən idarə olunmaqla ələ keçirilib. Bu işin təşkilatçısının ”Gəncəbank\” səlahiyyətlilərinin olduğu mübahisəsizdir. Məqsəd Natalya Kərimovanın bütün əmlakının ələ keçirilməsi olub\”.(musavat)
Interpress