“Bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.
“Dövlətqaçqınkom” bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.
Bəs, həmin şəxslər bu iradları da nəzərə almayıb, onlara ödənilən xərclər kəsildikdən sonra belə evləri təhvil verməsələr, onların aqibəti necə olacaq? Hər halda bu gün hələ də yaxşı şəraiti olmayan yerlərdə yaşayan və öz növbələrini gözləyən yüzlərlə məcburi köçkün var.
“Dövlətqaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə əvvəllər də xəbardarlıq edilib. Lakin buna diqqət yetirmədikləri üçün bu dəfə rəsmi şəkildə xəbardarlıq edilib və vaxt verilib.
“Əgər məcburi köçkünlər xəbardarlığı diqqətə almasalar və mənzilləri təhvil verməsələr, ondan sonra nələrin olacağına həmin vaxt baxılacaq. Bəlkə xəbardarlıqdan sonra onlar öz mənzillərində yaşayacaqlar. Əgər yaşamasalar, qanunvericiliyə uyğun olaraq tədbir görüləcək. İndi bu barədə konkret bir söz deyə bilməyəcəm. Onlara ilkin xəbardarlıq olunur” deyə qurumun sözçüsü vurğulayıb.
Modern.az saytının məlmatına görə, məsələ baş nazirini müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun şəxsi
nəzarətindədir. Ehtiyacı olmayan məcburi köçkünlərə verilən evlərin geri alınacağı gözlənilir.
İnterpress.az