Bu haqda Modern.az saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
Vəkil qeyd edib ki, sabiq aparat rəhbəri mətbuatda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqəli olması səbəbindən həbs edilməsi iddiası ilə razılaşmır:
“O, korrupsiya ilə əlaqədar istintaqa cəlb edilib. MTN-nin vəzifəli şəxsləri barədə qaldırılan cinayət işi isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Yəni istintaqlar tamam fərqli yerlədə getdiyindən bir-biri ilə əlaqələndirilməsi doğru deyil.
Hüquqlarını müdafiə etdiyim şəxs adının MTN-nin yüksək vəzifəliləri ilə birgə hallanmasını heç cür qəbul etmir”.
Vəkil “Vidadi Zeynalov adının korrupsiya məsələsində hallanmasını qəbul edib özünü təqsirli sayırmı” sualına cavabında bu barədə fikir bildirmədiyini deyib.
Adəm Məmmədov onu da vurğulayıb ki, istintaq davam etdiyindən bütün məsələlərin açıqlanması mümkün deyil: “Vidadi Zeynalovun təqsirli və ya təqsirsiz olması məhkəmə hökmündən sonra müəyyən olunacaq. Hələlik istintaq davam edir. Çalışırıq ki, araşdırma obyektiv aparılsın. Eyni zamanda, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət veriləcəyik”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən sabiq aparat rəhbəri Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Interpress.az