Kürəkən borc pul üstə qayınatasının evini yandırıb.
Ötən gecə Abşeron rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi, 142 ünvanında qeydə alınıb. Ümumi sahəsi 130 kv.metr olan birmərtəbəli, 5 otaqlı yaşayış evi yanaraq külə dönüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının ətraf evlərə keçməsinin qarşısını alıblar. Yanğın zamanı evdə heç kim olmayıb. Yanğın barədə xəbər tutan ev sahibləri hadisə yerinə gəliblər.
Evinin külə döndüyünü görən zərərçəkənin halı pisləşib. İlkin yoxlama zamanı məlum olub ki, ev qəsdən yandırılıb. Bunu, zərərçəkənin qohumları da təsdiqləyiblər.
Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları da gəliblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin kürəkəni – 21 yaşlı Qara Ceyhun oğlu Məmmədov saxlanılıb.
Saxlanılan şəxs istintaqa ifadə verərkən qaynatasının evini borc pula görə yandırdığını bildirib:
\”Mən burada deyildim. Bir işlə bağlı gəlib atamdan pul alıblar. Özlərinə maşın alıblar o pula. Elə fırlandı ki, o borc mənim ailəmi dağıtdı. Dedim ki, günah sizdə oldu, ailə sizə görə dağıldı. Mənlə prinsip apardılar, mən də girdim evə, salyarka töküb yandırdım. Evin açarı məndə nişanlı vaxtımdan var idi\”.
Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (Region TV)