Bunu AzNews.az-a açıqlamasında tanınmış jurnalist, “Ayna” və “Zerkalo” qəzetlərinin sabiq baş redaktoru Elçin Şıxlı deyib. O, son günlər provakativ media barədə tədbirlərin gücləndirilməsi ilə bağlı məsələni şərh edərək bildirib ki, reketçiliklə məşğul olanlar ciddi şəkildə cəzalandırılmalıdır: “Əlbəttə ki, onlara qarşı tədbirlər görülməlidir. Amma o tədbirləri görmək üçün gərək ilk növbədə peşəkar jurnalistikanı dirçəldib, onun məhvinin səbəblərini axtarıb tapaq. Reket jurnalistikanın və jurnalistlərin maliyyə mənbələri müəyyənləşdirilməlidir. Onları maliyyələşdirənlərin kim olduğunu bilmək lazımdır. Müstəqil, peşəkar və heç kimdən asılı olmayan demokratik jurnalistika mühiti yaratmaq lazımdır ki, bu reket jurnalistlər də ortaya çıxmasın. Çünki reket jurnalistikanı yaradanlar bizim məmurların özləridir. Rüşvətxorluqla və quldurluqla əldə etdikləri vəsaitin hesabına məmurlar özləri üçün informasiya silahı yaradıblar. Həmin informasiya silahı da indi də özlərinin əleyhinə işləyir. Həmin jurnalistlər bundan sonra çox baş ağrısı yaradacaq”.
Elçin Şıxlı qeyd edib ki, reket jurnalistlərin kim olduğu əslində hər kəsə yaxşı bəllidir: “Onların kökünü kəsmək üçün yollar tapılmalıdır. Amma kimisə reket jurnalist adlandırmaqdan ötrü əldə dəlil və sübut olmalıdır. Öncə bu sübutları yığıb yığmaq, sonra hərəkətə keçmək lazımdır. Ümumiyyətlə, kimisə şantaj edirlərsə, deməli onun hansısa əyri işi var. Həmin adam da rüşvət verib onu şantaj edənin ağzını bağlamağa həmişə hazır olur. Bu səbəbdən reket jurnalistikası baş alıb gedir. Onlara qarşı ciddi tədbirlər görülməlidir. Kimlərinsə adını çəkməklə bu problem həll olunmayacaq”.(aznews.az)