İngiltərə Premyer Liqasının XIII turunda “Vest Hem”i böyük hesabla (4:1) məğlub edən Maurisio Poçettinonun yetirmələri Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək.
Yerli mətbuata açıqlama verən Belçika yığmasının üzvü bu mövsüm titullar qazanmağa ən real namizədlərdən olduqlarını söyləyib: “Biz hər il Çempionlar Liqasına düşmək uğrunda mübarizə aparırıq. Bilirik ki, bu mövsüm arzumuzu həyata keçirə bilərik. Ötən mövsümlərlə müqayisədə daha güclü oynadığımızın fərqindəyik. Amma indidən mövsümün sonu barədə düşünmürük. Oyunlara ayrı-ayrılıqda hazırlaşır, yalnız qarşıdakı matç barədə fikirləşirik”.
28 yaşlı oyunçu “Qarabağ”la görüş barədə də fikirlərini bölüşüb: “Çətin səfər qarşılaşması olacaq. Onsuz da, bu qrupda asan oyun yoxdu. Bilirik ki, Bakıda qələbə qazansaq, növbəti mərhələyə vəsiqəni təmin edəcəyik. Amma rəqib də bu matça final gözü ilə baxır. Üstəlik, doğma azarkeşləri qarşısında oynayacaqlar. “Qarabağ” təhlükəli rəqib olduğunu hələ Londondakı qarşılaşmada göstərib. Ancaq bizim hədəfimiz bu mövsüm həm Avropa Liqasının qalibi olmaq, həm də Premyer Liqada uğurlu çıxış edib Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Əhval-ruhiyyəmiz yüksəkdi. Mövsümün sonuna qədər də bu gücü qorumaq lazımdı”.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.(apa)
İnterpress.az