İnterpress.az xəbər verir ki, bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, E.Nalbandyan belə düşünür ki, gizlətməyə nəsə var: \”Ermənistanın Madrid və Yenilənmiş Madrid Prinsipləri üzərində diplomatik, texnoloji manevrləri və saxtalaşdırmaları aşkar şəkildə üzdədir. Qapalı dinləməni RF Xarici İşlər naziri S.Lavrovun Yerevana son səfəri aktuallaşdırmışdı. Üç həmsədr ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammitində Madrid Prinsiplərinin Yenilənmiş variantını qəbul etdilər. ABŞ prezidenti B.Obamanın mətbuat xidməti tərəfindən yayılmış Madrid Prinsiplərinin Yenilənmiş variantı mətbuatda Yenilənmiş Madrid Prinsipləri adını aldı. Madrid Prinsiplərinin Yenilənmiş variantı adlı sənədin birinci elementi və ya maddəsi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edir\”.
Politoloq qeyd edib ki, Yenilənmiş Madrid Prinsiplərinin ümumi konsepsiyası belədir: \”Dağlıq Qarabağ ətrafındakı yeddi rayon dərhal, Dağlıq Qarabağın özü isə tədricən Azərbaycanın tərkibinə qaytarılır. Yeddi rayonun qaytarılması bir neçə mərhələyə bölünə bilər. Çünki hər bir rayondan erməni qoşunlarının çıxarılması müəyyən qədər vaxt tələb edir. Amma neçə etaplı olmasına baxmayaraq, yeddi rayonun Azərbaycana qaytarılması vahid bir mərhələdir\”.
M.Əhmədoğlu vurğulayıb ki, sayı ümumilikdə beş olan (Akvil, Muskok, Dovil, Los-Kabos, Enniskillen) və birincisi Akvil sənədi olan həmsədr ölkə prezidentlərinin beş bəyanatının hər birisi özündən əvvəlki bəyanatları dəstəkləyib: \”Bəyanatın sayının 5 olmasının səbəbi G-8-in G-7-yə çevrilməsidir. Ukrayna hadisələrinə görə ABŞ RF-ni G-8-dən uzaqlaşdırdı. Yenilənmiş Madrid Prinsipləri Ağ ev tərəfindən açıqlanan kimi Ermənistan Madrid prinsiplərini qəbul etmədiyini bildirdi. 2009-cu ilin iyulunda Yerevanda İsveçin Xİ naziri K.Bildtlə keçirdiyi mətbuat konfransında Xİ naziri E.Nalbandyan bunu rəsmi şəkildə bəyan etdi\”.
Mərkəz rəhbəri sonra deyib ki, az sonra həmsədrlərin təzyiqi ilə ER Xİ nazirliyi üç həmsədr ölkə prezidentinin Akvildə qəbul olunmuş və Ağ ev tərəfindən yayılmış Yenilənmiş Madrid Prinsipləri adlı sənədi tənzimləmək üçün əsas kimi qəbul etdiyini bəyan etdi: \”E.Nalbandyan Ermənistanla ATƏT MQ-nin mövqeyinin eyni olması tezisini dövriyyəyə buraxdı. Beləliklə, Madrid prinsiplərinin yenilənmiş variantı və Yenilənmiş Madrid Prinsipləri adlanan sənəd sonradan dörd dəfə də həmsədr ölkə prezidentləri tərəfindən dəstəklənib. Eləcə də, dörd dəfə də rəsmi Yerevan həmsədr ölkə prezidentlərinin verdiyi bəyanatları dəstəkləyib. O da bəllidir ki, rəsmi Yerevan 2009-cu ildə qəbul edilmiş Yenilənmiş Madrid Prinsipləri ilə 2008-ci ildə qəbul edilmiş Madrid prinsiplərini termin olaraq qarışdırmağa və ya bu iki müxtəlif mahiyyətli sənəd arasında balans yaratmağa cəhdlər edilirdi. Həmsədrlərin təzyiqindən sonra rəsmi Yerevanın mövqeyi həmsədr ölkə prezidentlərinin beş bəyanatı üzərində fokuslandı. Sonuncu dəfə E.Nalbandyan beş bəyanatı qəbul etdiklərini parlamentdə qapalı dinləmədə və “Aravot” qəzetinə verdiyi müsahibədə təsdiqlədi. Bir daha təkrar edirik ki, həmsədr ölkə prezidentlərinin beş bəyanatının hamısının birinci maddəsi Dağlıq Qarabağ ətrafındakı rayonların başqa sözlə, yeddi rayonun Azərbaycana qaytarılmasından ibarətdir\”.
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq ictimaiyyətin verdiyi dəstək sonralar da davam edib:
I. NATO-nun 2008-ci il Çikaqo sammiti də daxil olmaqla dörd sammiti Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, dövlət suverenliyi prinsipləri əsasında tənzimləməyi əsas kimi qəbul edir.
II. Aİ-nin Riqa sammiti (2015) “Şərq Tərəfdaşlığı” Proqramı üzv dövlətlərinin ərazi bütövlüyünə və dövlət suverenliyinə dəstək verən rəsmi sənəd qəbul etdi. Azərbaycan və Ermənistan Aİ-nin Şərq tərəfdaşlığının üzvüdürlər. Almaniyanın federal kansleri A.Merkelin müdaxiləsindən sonra S.Sərkisyan bu sənədi imzaladı.
III. G-7-nin Almaniya sammitinin Yekun bəyannaməsində ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərinə iki dəfə dəstək bildirdi. Dondurulmuş münaqişələrin həllinin yubadılmasını beynəlxalq hüququn eroziyası adlandırdı.
IV. MDB-nin Qazaxıstan sammiti üzv dövlətləri xarici sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi barədə proqramı qəbul etdi. Bu proqram Ermənistanın işğalı altında olan Azərbaycan-İran sərhədlərini də əhatə edir. ER prezidenti S.Sərkisyan bu sənədi də imzalayıb
V. AŞPA-da ərazi bütövlüyü prinsipi dominant prinsipə çevrildi. AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə dəstək bəyan edib. Ermənistan üzün müddət AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına maneçilik törətdi. AŞPA nəhayət ermənilərdən bezərək vəziyyətdən çıxış yolunu tapdı: Dondurulmuş Münaqişələr üzrə Alt Komitə yaratdı. AŞPA-nın bu alt komitəsi Ukrayna, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə məşğul olacaqdır. Ayrılıqda yaradılmış Dağlıq Qarabağ üzrə Alt Komitədə ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri paralel olaraq müzakirə edilə bilərdi. Dondurulmuş Münaqişələr üzrə Alt Komitədə isə yalnız ərazi bütövlüyü prinsipi dominant olacaq. Bu rəsmi Yerevanı Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı apardığı siyasətin əks-effekt verməsinin aydın nümunələrindən biridir. Yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı rəsmi Yerevanın yaratdığı maneələrin Ermənistan üçün əks-effekt verəcəyi şəksizdir.
İnterpress.az